Jurnalist Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbiri yenə uzadılıb

Jurnalist Elnarə Qasımova

Avqustun 10-da Xətai Rayon Məhkəməsi "Abzas Media işi" ilə bağlı həbs olunan jurnalist Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 1 ay 7 gün uzadıb.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, həbs müddətinin uzadılması ilə bağlı təqdimata Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov baxıb.

"Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Nahid Abbaslı jurnalistin həbs müddətinin uzadılması ilə bağlı təqdimatı məhkəməyə təqdim etdi, hakim də müddəti 1 ay 7 gün uzatdı", deyə vəkil qeyd edib.

Elnarə Qasımova məhkəmədə bildirib ki, jurnalistlərin həbsi "Abzas Media"da yayımlanan korrupsiya araşdırmalarına görədir:

"Biz yüksək vəzifədə olan məmurlarla bağlı korrupsiya araşdırmaları aparmışıq. Prezidentin ailəsini araşdırmışıq. Ölkədə hər şey bir nəfərin əlində cəmlənib və bizim yerimiz korrupsiya cinayətlərini araşdırdığımız adamlarla səhv düşüb".

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

"Abzas Media" işi ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.