Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə onunla birlikdə ittiham olunan Elnur Məmmədov ifadə verib. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib.
"Elnur Məmmədov suallara çətinliklə cavab verirdi. Hakim Elnur Nuriyev Elnur Məmmədovu yönləndirirdi ki, necə cavab versin. Axır ki, hakimin yardımı ilə Elnur Məmmədov suallara cavab verməkdən imtina etdi", deyə, o bildirib.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir. Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır. Siyasətçi Elnur Məmmədovun yalan danışdığını, onunla heç bir sövdələşmə aparılmadığını deyir.
Daha sonra məhkəmədə Elşən Hüseynov ifadə verib. Nigar Həzinin sözlərinə görə, onun ifadəsini müstəntiq düz-qoş etdiyi üçün bir sözü ilə digəri düz tutmurdu:
"Hər cümləsindən yalan yağırdı. Ölkənin bütün dələduzları yığışıb Tofiq Yaqublunu dələduzluqda şərləmək üçün üzünə dururlar. Şərləmə işində qollarını çırmayıb canfəşanlıq edən müstəntiq də, hakim də, prokuror da, üzəduranlar da konkret olaraq bu işdə cinayət törədiblər. Əminəm ki, bunun müqabilində hakimiyyət onlara yaxşı mükafat verəcək".
Növbəti məhkəmə prosesi avqustun 16-a təyin olunub.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb.
Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylar iyirmidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.