Avqustun 9-dan başlayaraq növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilir.
"Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən təşviqat kampaniyası avqustun 31-dək davam edəcək.
Təşviqat üçün ölkə üzrə 3259 açıq, 1854 qapalı yer ayrılıb.
Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
Bununla yanaşı, qanunvericiliyə görə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti, "Bakinski raboçi” qəzetidir.
Amma yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyasının seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınıb. Seçkilərdə iştirak edən müxalifətdə olan Müsavat Partiyasının 22, REAL Partiyasının isə 11 namizədi qeydə alınıb. Beləliklə adı çəkilən media vasitələrində yalnız Yeni Azərbaycan Partiyası pulsuz təşviqatla məşğul ola bilər. Bundan öncəki seçki praktikasına görə, Yeni Azərbaycan Partityası adətən pulsuz təşviqatdan yararlanmaqdan imtina edir.
Ölkə mediasında pullu təşviqata gəlincə, televiziyalarda bir saniyə təşviqat 20-30 manat, radioda isə 1 saniyə təşviqat 7-25 manatdır.
Deputatlığa namizədlərin pullu təşviqatını dərc etmək üçün 58 çap mediası MSK-ya müraciət edib. Belə ki, plakatların seçki platformasının çap medialarında dərci 1000 manatdan başlayaraq bir neçə min manatadək yüksəlir.
Növbədənkənar seçkilərdə 22 gün seçkiqabağı təşviqatın aparılması nəzərdə tutulub. Deputalığa namizədlər avqustdun 9-da təşviqat kampaniyasına başlayacaq və bu, avqustun 31-də başa çatacaq.
Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, seçki bir yarışdır.
"Seçki öncəsi prosesdə bu yarış yoxdur. Siyasi partiyalar arasında milli səviyyədə yarış getmir. Gələk müstəqil namizədlərə. Müstəqil namizədlər 22 gündə bəlkə də yarış apara bilərlər. 22 günlük seçki kampaniyası çox məhduddur. Amma deyək ki, kiminsə müəyyən gəlirləri var və yaxud ianələr toplayaraq imicmeyker xidmətindən istifadə edir. Azərbaycanda bu xidmətdən də istifadə etsələr belə bu, seçki prosesinə təsir etməyəcək. Bunun əsas problemi seçkiöncəsi tərəflər üçün bərabər və ədalətli şəraitin yaradılmamasıdır", o qeyd edib.
MSK-nin son məlumatına görə, 125 serçki dairəsi üzrə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
Azərbaycan rəsmiləri bir qayda olaraq insan hüquqları ilə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir. Bununla yanaşı, Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 151-ci sırada yer alır. Yerli hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbusun olduğunu iddia edir.