Seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.
Bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə bildirib.
Onun sözlərinə görə, təqdim edilən pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
“Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının yayımçının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir”, o qeyd edib.
Səttarovun sözlərinə görə, püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir.
“İctimai yayımçı seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır”, o bildirib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə bildirib ki, növbədənkənar parlament seçkilərinin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkar funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb.
"Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq", İsmayılov qeyd edib.
İsmayılov bildirib ki, Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəyə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qaydada aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır.
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərini açıqlayıb.
MSK-nin məlumatına görə, deputatlığa namizədlər Milli Məclisə seçkilər üzrə 125 seçki dairəsində 5113 məkanda seçicilərlə görüşlər keçirə bilər. Bu məkanların 3259-u açıq yerlər, 1854-ü isə qapalı yerlərdir.
Bununla yanaşı, qanunvericiliyə görə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti, "Bakinski raboçi” qəzetidir.
Amma yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyasının seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınıb. Seçkilərdə iştirak edən müxalifətdə olan Müsavat Partiyasının 22, REAL Partiyasının isə 11 namizədi qeydə alınıb. Beləliklə adı çəkilən media vasitələrində yalnız Yeni Azərbaycan Partiyası pulsuz təşviqatla məşğul ola bilər. Bundan öncəki seçki praktikasına görə, Yeni Azərbaycan Partityası adətən pulsuz təşviqatdan yararlanmaqdan imtina edir.
Ölkə mediasında pullu təşviqata gəlincə, televiziyalarda bir saniyə təşviqat 20-30 manat, radioda isə 1 saniyə təşviqat 7-25 manatdır.
Deputatlığa namizədlərin pullu təşviqatını dərc etmək üçün 58 çap mediası MSK-ya müraciət edib. Belə ki, plakatların seçki platformasının çap medialarında dərci 1000 manatdan başlayaraq bir neçə min manatadək yüksəlir.
Növbədənkənar seçkilərdə 22 gün seçkiqabağı təşviqatın aparılması nəzərdə tutulub. Deputalığa namizədlər avqustdun 9-da təşviqat kampaniyasına başlayacaq və bu, avqustun 31-də başa çatacaq.
Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, seçki bir yarışdır.
"Seçki öncəsi prosesdə bu yarış yoxdur. Siyasi partiyalar arasında milli səviyyədə yarış getmir. Gələk müstəqil namizədlərə. Müstəqil namizədlər 22 gündə bəlkə də yarış apara bilərlər. 22 günlük seçki kampaniyası çox məhduddur. Amma deyək ki, kiminsə müəyyən gəlirləri var və yaxud ianələr toplayaraq imicmeyker xidmətindən istifadə edir. Azərbaycanda bu xidmətdən də istifadə etsələr belə bu, seçki prosesinə təsir etməyəcək. Bunun əsas problemi seçkiöncəsi tərəflər üçün bərabər və ədalətli şəraitin yaradılmamasıdır", o qeyd edib.
MSK-nin son məlumatına görə, 125 serçki dairəsi üzrə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
Azərbaycan rəsmiləri bir qayda olaraq insan hüquqları ilə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir. Bununla yanaşı, Azərbaycan beynəlxalq medi azadlığı indeksində 180 ölkə arasında 151-ci sırada yer alır. Yerli hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbusun olduğunu iddia edir.