İsrailin xarici işlər naziri HƏMAS-ın yeni liderinin ölümünə çağırıb

İsrael Katz

İsrailin xarici işlər naziri HƏMAS-ın yeni təyin olunmuş lideri Yəhya Sinvarın ölümünə çağırıb. Çağırış İranın dəstəklədiyi Hizbullah komandirinin öldürülməsindən İsrailin İrandan gözlənilən qisasa hazırlaşdığı bir vaxta təsadüf edir.

Xarici işlər naziri İsrael Katz X-də deyib ki, terrorist adlandırdığı Sinvarın təyinatı “onu tez bir zamanda aradan qaldırmaq və bu çirkin təşkilatı yer üzündən silmək üçün daha bir tutarlı səbəbdir”.

İsrail HƏMAS-ın əvvəlki lideri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti üzərinə götürməsə də, onun iyulun 31-də öldürülməsinin ardınca İran liderləri İsraili günahlandırmmış və buna cavab verəcəklərini vəd etmişlər.

Çərşənbə günü HƏMAS İsrailə qarşı 7 oktyabr terror hücumunun memarlarından biri olan Sinvarı yeni lider təyin edib və Katz bu addımın “dünyaya Fələstin məsələsinin indi tamamilə İran və HƏMAS tərəfindən idarə olunduğuna dair açıq mesaj göndərdiyini söylədi.”

Katz həmçinin deyib ki, İsrail İranın daha bir “ekstremist qalası” yaratmasının qarşısını almaq üçün İsrailin zəbt etdiyi İordan çayının qərb sahilində təhlükəsizlik nəzarətini saxlamalıdır.

“Başqa hər şey regionda İranın daha bir forpostunun yaradılmasına gətirib çıxaracaq ki, bu da dünyanın və bütün region ölkələrinin üzündə partlayacaq”, Katz deyib.

İsrail ordusu militantların fəaliyyətini və İsrailə qarşı potensial hücumları dayandırmaq məqsədi daşıdığını iddia edərək İordan çayının qərb sahilində dəfələrlə reydlər keçirib. Oktyabr ayında Qəzzada müharibə başlayandan bəri İordan çayının qərb sahilində İsrailin açdığı atəş nəticəsində 600-ə yaxın adam həlak olub.

Hizbullahın İsrailin keçən həftə Beyrutda komandirlərindən biri Fuad Şükürü öldürməsinə cavab verəcəyinə söz verməsi ilə regional münaqişənin genişlənməsi ehtimalı ilə bağlı beynəlxalq qorxular artıb.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı deyib ki, regionda hər kəs “gərginliyi gücləndirəcək deyil, sakitləşdirəcək qərarlar qəbul etməlidir”.

Blinken deyib: "Biz İsraili terrorçu qrupların və ya onların sponsorlarının hücumlarına qarşı müdafiə etməyə davam edəcəyik, necə ki, əsgərlərimizi müdafiə etməyə davam edəcəyik. Lakin regionda hər kəs başa düşməlidir ki, gələcək hücumlar hər kəs üçün yalnız münaqişə, qeyri-sabitlik və etibarsızlığı artıracaq. Gələcək hücumlar yalnız heç kimin proqnozlaşdıra bilməyəcəyi və heç kimin tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrin riskini artırır”.

Blinken bildirib ki, Qəzzada münaqişəyə son qoymağın və bölgəyə sakitlik gətirməyin yeganə yolu uzun müddətdir axtarılan atəşkəsin təmin edilməsidir.

Ağ Ev çərşənbə axşamı bildirib ki, prezident Co Bayden həm Misir prezidenti Əbdülfəttah əs-Sissi, həm də Qətər Əmiri Şeyx Təmim Bin Həməd Əl-Tani ilə Qəzzada atəşkəs səylərini yeniləmək üçün danışıb.

Ağ Evin bəyanatına görə, liderlər "prosesi mümkün qədər tez yekunlaşdırmağın təcili olduğuna dair razılıq əldə edib".

İsrail oktyabrın 7-də 1200 nəfərin ölümünə və 250 girovun əsir düşməsinə səbəb olan terror hücumuna cavab olaraq HƏMAS-ı məhv edəcəyinə söz verib.

Fələstinlilərin səhiyyə nazirliyinin bildirdiyinə görə, İsrailin əks-hücumları Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla, 40 minə yaxın insanın ölümünə səbəb olub. İsrail isə ölənlərin sayına minlərlə HƏMAS döyüşçüsünün daxil olduğunu bildirir.