Tanınmış siyasi fəal Abbas Lisaninin bu yaxınlarda Ərdəbil polisinin məhkəmə xidmətləri şöbəsinə çağırıldığına dair məlumat yayılıb.
Surəti Güney Azərbaycan Televiziyasının (Günaz TV) saytında yayılan çağırış vərəqəsində yazılanlara görə, Lisani Ərdəbil İnqilab Məhkəməsi icra şöbəsinin göstərişi ilə polis mərkəzinə çağırılıb.
Çağırış vərəqəsində yazılanlara görə, tanınmış fəal avqustun 5-də məhkəmə xidmətləri şöbəsinə müraciət etməli imiş.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən türk fəallardan əldə etdiyi məlumata görə, “Abbas Lisani daha əvvəl məhkum olduğu Yəzd şəhərinə sürgün cəzasının icrası ilə əlaqədar çağırılıb. O, avqustun 5-də polis şöbəsinə müraciət etməyib.”
Çağırış vərəqəsində verilən möhlət ərzində müraciət edilmədiyi təqdirdə fəala qarşı həbs qərarı çıxarılacağı bildirilib.
SEE ALSO: Ərdəbil məhkəməsi sürgün hökmünə boyun əyməyən Abbas Lisaninin cəzasını artırıbLisani 2023-cü ilin fevral ayında 4 ildən artıq həbsdən sonra sərbəst buraxılmasının ardınca 2 illik əlavə sürgün cəzasının icrası üçün polis müşayiəti ilə İranın Yəzd şəhərinə göndərilmişdi. Ancaq o, qısa müddət sonra vətəndaş itaətsizliyi olaraq sürgün cəzasını rədd edərək Ərdəbilə qayıtmışdı.
Ərdəbil Məhkəməsi daha sonra cəzaya boyun əymədiyinə görə siyasi fəalın Yəzd şəhərində məcburi iqamət cəzasının üçdə bir dəfə artırılmasına dair hökm çıxarıb.
Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə təqribən 20 il ərzində dəfələrlə həbs, mühakimə, təhdid və digər təzyiqlərə məruz qalıb. O, Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.