Avqustun 6-da Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin Müalicə müəssisəsində aclığı davam etdirən İstanbul Universitetinin doktorantı Fazil Qasımovla görüşüb.
Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, avqustun 7-də Ombudsman Aparatından bildiriblər ki, görüş zamanı Fazil Qasımovun bir sıra problemlərinin həllinə nail olunub.
“Ombudsmanın münayəndəsi mənə bildirdi ki, görüş zamanı Fazil Qasımovu dinləyiblər. Qasımov müəyyən problemlərini Ombudsmanın nümayəndələrinə deyib. Məsələn, təlimata görə aclıq edən şəxs çay içə bilər. Amma, Qasımov bu günədək çay içmirdi, adi su içirdi. O çayı balla qarışdırıb içə bilər. Fazilin saxlanıldığı otaqda çaynik belə yox idi. Ombudsmanın nümayəndəsinin sözlərinə görə, Fazilin otağına artıq çaynik qoyulub. Sonra onun gəzintiyə çıxarılması məsələsinin həll olunduğunu dedilər. Bir də iki həftədən çox idi ki, Fazilə çimməyə icazə vermirdilər. Ombudsmanın nümayəndəsi dedi ki, bütün bu məsələlər həllini tapıb”, vəkil Ombudsamanın nümayəndəsinə istinadən bildirib.
Bununla yanaşı, Ombudsman Aparatından Amerikanın Səsinə bildiriblər ki, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Müalicə Müəssisəsində konfidensial qaydada qəbul edilən Fazil Qasımov barəsində olan cinayət işi ilə bağlı qida qəbulundan imtina etdiyini bildirib, qaldırdığı məsələlər üzrə müraciətləri yerində qəbul olunub. Qasımovun sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması ilə də bağlı müalicə müəssisəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
“Qeyd etmək lazımdır ki, Qasımov əvvəl də saxlanıldığı müəssisədə MPQ üzvləri tərəfindən qəbul edilib, hüquqlarının müdafiəsi ilə bağlı hüquq mühafizə orqanlarına və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müvafiq müraciətlər ünvanlanıb. Başçəkmələrin yekununda həmin müəssisənin rəhbərliyi və məsul əməkdaşları ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib”, Ombudsman Aparatından bildiriblər.
Rövşanə Rəhimli Fazil Qasımovun 55 gündür aclığı davam etdirdiyini bidlrib. Hazırda Azərbaycanda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Qasımov “ədalətsiz həbsinə” etiraz edir. O, aclığı sonadək davam etdirmək əzmində olduğunu bildirib.
“Fazil qanunsuz həbsinə etiraz olaraq ölümü gözə alıb. Aclığı dayandırmağı xahiş etsək də fikrindən dönmür. Səhhətində çox ciddi narahatçılıqlar yaranıb, saxlanma şəraitindən də narazıdır. Həkim nəzarəti demək olar ki, yoxdur. Rəhbərliyə mövcud problemlərlə bağlı şikayətlərimizi bildirdik, amma nəticənin olacağı bəlli deyil. Bir insana, bir elm adamına qarşı bu davranışlar yolverilməzdir", vəkil qeyd edib.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-na keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.
“Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.