Gədəbəyin Söyüdlü kəndində yerləşən sianid gölü genişləndirilir

Söyüdlü kəndində göl

Azərbaycan hökuməti Gədəbəyin Söyüdlü kəndində yerləşən sianid gölünün genişləndirilməsinə icazə verib.

"APA-Economics" bildirir ki, bu haqda ölkədə qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining"in törəmə şirkəti "Azerbaijan International Mining Company Limited"in ("AIMC") baş icraçı direktoru Rza Vəziri bildirib.

O deyib ki, avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı bəndinin divarını qaldırmaq üçün icazə alınıb.

"Tikintinin bütün sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verəcəyi də təsdiqlənib. Tullantı bəndinin divarının artırılması işlərinə tezliklə başlanılacaq", deyə məlumatda qeyd olunur.

Vəziri əlavə edib ki, təxminən bir həftə ərzində yenidən tam hasilata başlamağı planlaşdırırlar.

Ötən il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, nəticədə 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq 5 nəfərin inzibati həbs olunduğu açıqlanıb.

Sakinlər həmin süni gölün suyunda sianid olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirirdilər.

Etiraza səbəb olan süni göl kənddəki ikinci oxşar su hövzəsi olacaqdı.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb. Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə səhlənkarlıq etdiyini deyib.

İyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Nazim Bəydəmirli və vəkilləri onun iyunun 20-21-də Gədəbəyin Söyüdlü kəndində baş verən polis zorakılığına qarşı etiraz etdiyindən həbs olunduğunu düşünür, eks deputat özünü "ekologiya məhbusu" sayır.

Rəsmi açıqlamada isə bildirilir ki, o, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Ötən il iyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və "Anglo Asian Mining"in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 faiz təşkil edir.