Kamala Harris Minnesota qubernatoru Tim Valzı vitse-prezidentliyə namizəd irəli sürüb

ABŞ-ın vitse-prezidenti Kamala Harris noyabr ayında keçiriləcək prezident seçkilərində keçmiş prezident Donald Trampa qarşı apardığı seçki kampaniyasında Minnesota ştatının qubernatoru Tim Valzı vitse-prezidentliyə (VP) namizədliyini irəli sürüb.

"Qərarımı verdiyimi məmnunluqla bölüşürəm: Minnesota qubernatoru Tim Valz mənim namizəd kimi tərəfdaşım olaraq kampaniyamıza qoşulacaq" - deyə, Harris tərəfdarlarına göndərdiyi mesajında bildirib. "Tim Minnesota ailələri üçün görülmüş işlərdə inanılmaz təcrübəyə malik olan döyüşdə sınaqdan keçmiş liderdir. Mən bilirəm ki, o, bizim kampaniyamıza və vitse-prezidentin ofisinə eyni prinsipial liderlik gətirəcək".

Bu açıqlama Demokratlar Partiyasının çərşənbə axşamı Pennsilvaniya ştatının Filadelfiya şəhərində planlaşdırılan kampaniya tədbiri ərəfəsində verilib.

Proqressiv kəsim Minnesota qubernatoru olaraq onlara uyğun olan siyasəti müdafiə edən 60 yaşlı Valtsın ətrafında birləşib. ABŞ Ordusunun Milli Qvardiyasının keçmiş üzvü və müəllim həm də ucqar yerlərdə ağ seçicilər üçün də cəlbedici sayılır.

"Valz Orta Qərbdə Viskonsin, Miçiqan və Pensilvaniya kimi qələbənin lazım olduğu ştatlarda seçicilərə enerji verəcək fenomenal seçimdir" - deyə, Demokrat strateq Culia Roginski Amerikanın Səsinə bildirib.

Çərşənbə axşamı vitse-prezidentliyə namizəd elan edildikdən sonra noyabr seçkilərinin qalibinin müəyyən edilməsində mühüm rol oynayacaq ştatlara tur planlaşdırılıb. Harris Viskonsin, Miçiqan, Arizona və Nevada ştatlarında kampaniya tədbirləri keçirəcək.

Virciniya Universitetinin siyasət professoru Cennifer Louless bildirib ki, Valz Demokratlar üçün Minnesotanın ucqar mühafizəkar kəsiminin rəğbətini qazanan, silah sahibi, hərbi təcrübəsi olan və Nebraskada doğulmuş bir liberal simadır. O həmçinin deyib ki, Valts "olduqca təhlükəsiz və lakin əlbəttə ki, heç də darıxdırıcı olmayan" namizəddir.

"O, Orta Amerikanı anlayan və bu mütərəqqi qanunları davam etdirən biridir, ona görə yox ki, o bütün bunlardan uzaqdır, o bunun ölkəni irəli aparmağın ən yaxşı yolu olduğuna inanır" - deyə, o əlavə edib

Daha bir üstünlük olaraq Valts ölkədəki həmkarlar ittifaqları tərəfindən hörmət edilən simadır. Bu da Trampın işçi sinfi ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı vaxt güclü məqamdır.

"Səriştəsiz liberal"

Harris kampaniyası Valzı rəsmın vitse-prezidentliyə namizəd olaraq elan etməmişdən əvvəl Tramp kampaniyası onu "səriştəsiz liberal" adlandıran bir bəyanat verib.

"San-Fransiskolu liberal Kamala Harrisin Qərb Sahilini təqlid edən Tim Valzı özünə namizəd kimi istəməsi təəccüblü deyil", Trampın kampaniyasının mətbuat katibi Karoline Livitt bildirib. "Valts Kaliforniyanın təhlükəli liberal gündəmini uzaqlara yaymaqla məşğuldur", o əlavə edib.

Harrisin vitse-prezident seçimi üçün digər namizədlərdən biri, seçkilərdə qələbənin açarı olan ştatda yüksək reytinqə malik, Demokratların yüksələn ulduzu, Pensilvaniya qubernatoru Coş Şapiro idi.

"Növbəti 90 gün ərzində mən Pensilvaniyalıları dostlarım Kamala Harris və Tim Valzın arxasında birləşdirmək və Donald Trampı məğlub etmək üçün ştatın hər yerində səfər etməyi səbirsizliklə gözləyirəm" - deyə, Şapiro elandan sonra sosial mediada yazıb.

Harrisin vitse-prezidentliyə potensial namizədləri arasında Arizona senatoru Mark Kelli, Kentukki qubernatoru Endi Beşar, İllinoys ştatının qubernatoru J.B. Pritzker və nəqliyyat naziri Pit Butticec də var idi.

Tramp keçən ay Respublikaçılar Partiyası tərəfindən nominasiyasının irəli sürüldüyü qurultayda senator JD Vansı kampaniya tərəfdaşı olaraq göstərib. Valts bu yaxınlarda Respublikaçı namizədləri "qəribə" adlandırmaqla onlara qarşı təsirli hücumçü kimi nüfuzunu artırıb.

Vansın da bu günlərədə rəqabətin qızğın keçəcəyi gözlənilən Pennsilvaniya, Viksonsin, Miçiqan və Şimali Karolina ştatlarında kampaniya tədbirlərinə qatılacağı gözlənilir.

Harris keçən ayın sonunda hazırkı prezident Co Baydenin namizəd olmayacağını açıqlamasında sonra tez bir zamanda Demokratarın namizədi oldu.

Bayden ötən ay debat zamanı Trampa qarşı zəif performans göstərdikdən sonra onun reytinqi azaldı və o, partiyadaşları tərəfindən yarışdan çəkilməklə bağlı çağırışlarla üzləşdi.