Ukrayna Rusiyanın Xarkivi raketlə vurduğunu bildirir

Ukrayna rəsmiləri çərşənbə axşamı Rusiya qüvvələrinin ölkənin bir çox bölgəsinə hava hücumları törətdiyini, o cümlədən ölkənin şimal-şərqindəki Xarkiv şəhərini raketlə vurduğunu xəbər verib.

Xarkiv meri İqor Terexov Telegram kanalındada bildirib ki, hücum tibbi klinikaya ziyan vurub və rəsmilər hər hansı itki ilə bağlı məlumatı dəqiqləşdirməyə çalışırlar. Xarkiv vilayətinin qubernatoru Oleh Syniehubov deyib ki, ehtimal olunur ki, insanlar dağıntılar altında qala bilər.

Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram-da bildirib ki, Rusiya pilotsuz təyyarələri çərşənbə axşamı Nikopol şəhərinə hücum edib, bir neçə yanğına səbəb olub, lakin xəsarət alan olmayıb.

Qubernator Vitali Kim bildirib ki, Rusiya pilotsuz təyyarələri Nikolayiv vilayətinin bir neçə kəndində də evlərə ziyan vurub.

Ukrayna ordusunun bildirdiyinə görə, hava hücumundan müdafiə qüvvələri bir gecədə Xerson, Xmelnitski, Kyiv və Nikolayiv vilayətləri üzərində dörd Rusiya raketi və 15 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Kyiv meri Vitali Kliçko Telegram-da bildirib ki, vurulan raketin dağıntıları avtomobil parkına ziyan vurub və xəsarət alan olmayıb.

Digər tərəfdən isə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Kursk vilayətində 13, Belqorod səmasında isə 9 pilotsuz təyyarəni vurduğunu bildirib. Hər iki bölgə Rusiya-Ukrayna sərhədi boyunca yerləşir və tez-tez Ukrayna hücumlarının hədəfinə çevrilir.

Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukraynan hücumu avtomobili hədəf alıb, nəticədə bir nəfər ölüb. Qladkov Telegram-da bildirib ki, digər hücumlar bir mənzilə və bir evə ziyan vurub.

Kursk qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri Ukrayna qüvvələrinin sərhədi keçmək cəhdini dəf edib.