Demokratların namizədi Kamala Harris və Respublikaçıların namizədi Donald Trampın üz-üzə gələcəyi prezident seçkilərində Harrisin İsrail, Ukrayna, Çin o cümlədən cənub sərhədində miqrat böhranı ilə bağlı mövqeyi diqqət mərkəzindədir.
Hər il Mərkəzi Amerikadan minlələ miqrant Meksikanı keçərək, ABŞ sərhədinə üz tutur. Regiondakı digər ölkələrlə koordinasiya edib, miqrasiyanın kökünü araşdırmaq vitse-prezident Kamala Harrisə etibar edilmişdi. Bu təyinat Harrisi rəqibi sabiq prezident Donald Trampın hücumuna açıq qoyub.
Donald Tramp, Respublikaçı prezidentliyə namizəd: “O, yarasız vitse-prezident və yararsız administrasiya üzvüdür. Milyonlarla insan sərhədi keçib və o, sərhədə məsul idi.”
Harris administrasiyanın sərhədə məsul şəxsi deyildi. Amma o, təşviqat kampaniyasında immiqrasiya mövzusunda sərt çıxışlar edir və Kaliforniyanın baş prokuroru kimi təcrübəsini vurğulayır.
Kamala Harris, Demokrat prezidentliyə namizəd: “Mən ölkəmizə qeyri-qanuni gələn transmilli cinayət qruplar, kartellər və insan alverçiləri ilə mübarizə aparmışam. Onlara qarşı işlərin hər birində qalib olmuşam. Tramp isə sərhədi təhlükəsiz etmək haqda böyük danışır, amma dediyi ilə etdiyi üst-üstə düşmür.”
Seçilsə, Harris prezident Baydenin sərhəd qanun layihəsini geri gətirəcəyini deyir. Trampçı Konqres Respublikaçıları həmin layihənin əleyhinə səs veriblər.
O, Rusiya ilə birbaşa münaqişəyə yol vermədən Ukraynaya kömək etməyə davam edəcəyini və NATO müttəfiqləri ilə birliyi qoruyacağını deyir.
Hind-Sakit okeanı ilə bağlı siyasətin də davam edəcəyi gözlənilir.
Kamala Harris, Demokrat prezidentliyə namizəd:
“Birləşmiş Ştatlar Cənubi Çin dənizində təhdidlərlə üzləşən Fillipinin yanındadır ”
Və Çinlə ticarət mövzusu.
Robert Dali, Vilson Mərkəzi: “Dediyi kimi, o, Çindən gələn riski azaltmağa davam edəcək. Bilirik ki, 2020-ci ildə prezidentlik yarışında o, tariflərə qarşı idi. Prezident Bayden kimi onun bu haqda fikrinin dəyişdiyi hiss olunur. Ona görə də, bu mövzuda da ardıcılılıq olacaq.”
Qəzza ilə bağlı Harrisin mövqeyi Baydenə uyğundur. Atəşkəsə nail olmaq və regional müharibədən çəkinmək.
Amma demokrat seçicilərinin bir qisminin Baydenə qəzəbli olduğu bir vaxt Harris fələstinli itkilərə daha simpatik yanaşır.
Kamala Harris, Demokrat prezidentliyə namizəd: “Biz yaşanan ağrılara qarşı reaksiyasız qala bilmərik və mən sakit dayanmayacam.”
Harris Baydenin müttəfiqlərə və tərəfdaşlara arxalanan liderlik doktrinasını qəbul edib.
Və qeyri-ənənəvi təhlükəsizlik hədələri, Milli Fəza Şurasına sədrlik, administrasiyanın Süni Zəka və iqlim siyasətinin təşviqinə diqqət ayırıb.
Linda Robinson, Xarici Əlaqələr Şurası: “Ona görə də insanlar “onun ancaq immiqrasiya portfoliosu var idi və immiqrasiya problemi bərbaddır” deyəndə, anlamaq lazımdır ki, Harrisin cəlb olunduğu rollar dünyanın hər regionuna təsirə malikdir.”
Son 4 il ərzində dünyanı səyahət edərək, 150 dövlət və hökumət başçısı ilə görüşməsinə baxmayaraq, Tramp Harrisin təcrübəsiz və nailiyyətsiz olduğunu deyir.
Donald Tramp, Respublikaçı prezidentliyə namizəd: “O, ölkəmizi məhv edəcək solçu dəlidir.”
Harrisin cavabı…
Kamala Harris, Demokrat prezidentliyə namizəd: “Deməyə sözün varsa, üzümə de.”