Yaxın Şərqdə gərginlik artır

Livanın cənubundan atılan raketlər İsrail qüvvələri ilə Livanda Hizbullah militantları arasında davam edən sərhəd toqquşmaları fonunda İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən İsrailin şimalında Yuxarı Qalileya bölgəsi üzərində ələ keçirilib, 4 avqust 2024.

ABŞ-ın İranın hücum etdiyi təqdirdə İsraili müdafiə etmək üçün hərbi gəmilərini regiona göndərməsi və Hizbullahın İsrailə qarşı silsilə zərbələr endirməsi ilə əlaqədar bir sıra Qərb hökumətlərinin öz vətəndaşlarına təcili olaraq Livanı tərk etməyə çağırması ilə Yaxın Şərqdə gərginlik artıb.

Fransa keçən həftə İsrailin Beyrutda bir binaya hücumu zamanı Hizbullah komandiri Fuad Şukurun, bir neçə saat sonra isə HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda İranın İsraili ittiham etdiyi hücumda öldürülməsindən sonra “çox qeyri-sabit” vəziyyətlə bağlı xəbərdarlıq edib.

ABŞ, Fransa, Kanada və Britaniya öz vətəndaşlarına Livanı tərk etmələri barədə göstəriş verib. İordaniya da bu addımı atıb. Bir neçə aviaşirkət regionda xidmətlərini dayandırıb və ya azaldıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşavirinin müavini Conatan Fayner CBS telekanalının “Face the Nation” verilişində deyib: “Məqsədimiz gərginliyi azaltmaq, məqsədimiz çəkindirmək, məqsədimiz İsraili müdafiə etməkdir”.

“Biz hər ehtimala hazırlaşırıq,” Fayner ABC telekanalının “Bu həftə” verilişində deyib. “Biz regional müharibənin heç kimin xeyrinə olmadığını düşünürük,” əlavə edib.

Haniyə keçən həftə Tehranda İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən qısa müddət sonra qaldığı qonaq evində qətlə yetirildikdən sonra İranın ali lideri Ayətullah Əli Xameneyi verdiyi açıqlamada “biz qisas almağı özümüzə borc bilirik” deyib.

New York Times qəzetinin üç İran rəsmisinə istinadən verdiyi xəbərə görə, o, Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi Fox News Sunday proqramında deyib: “Ali lider cavab verəcəyini söylədikdə, biz bunu ciddi qəbul etməliyik. Hazır olduğumuza əmin olmalıyıq.”

ABŞ prezidenti Co Bayden şənbə günü jurnalistlərin İranın geri çəkilə biləcəyini düşündüyü ilə bağlı sualına cavabında bildirib: “Ümid edirəm. Bilmirəm.”

İsrail hərbi qüvvələri İranın Livanda dəstəklədiyi Hizbullah militantlarının şənbə və bazar günləri arasında gecə ərzində İsrailin şimalına 30 mərmi atdığını, lakin onların əksəriyyətini vurduğunu bildirib

Təxminən 10 ay əvvəl Qəzza zolağında İsrailin HƏMAS ilə müharibəsi başlayandan bəri iki döyüşən tərəf demək olar ki, hər gün atışma aparır.

İsrail HƏMAS-ın oktyabrın 7-də 1200 nəfərin ölümü və 250 nəfərin girov götürülməsinə səbəb olan hücumuna cavab olaraq qrupu məhv edəcəyinə söz verib.

HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin bildirdiyinə görə, İsrailin Qəzza zolağında əks-hücumları nəticəsində azı 39 550 nəfər həlak olub. Nazirliyin rəqəmləri hərbi və mülki itkiləri əhatə edir.