Gürcüstanda yaşayan Azərbaycan vətəndaşı, Azel.TV saytının rəhbəri Əfqan Sadıqov avqustun 3-də bu ölkədə saxlanılıb.
Bu barədə Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.
Sadıqova həmçinin Facebook səhifəsində həyat yoldaşının saxlanılması barədə video da yayıb.
Videodan görünür ki, bir neçə mülki geyimli şəxs Sadıqovun yaşadığı evə gələrək onu saxlayıb.
“Onlar hər hansı açıqlama vermədi. Yalnız dedilər ki, Gürcüstan Daxili İşlər Nazirliyindən gəliblər. Əfqanı UU-122-HU dövlət nömrə nişanlı avtomobilə mindirərək apardılar. Onlar jurnalisti Gürcüstan Daxili İşlər Nazirliyinə aparacaqlarını dedilər. Dedilər ki, vəkil müstəniqlə əlaəq saxlasın”, jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib.
Xatırladaq ki, bundan öncə Sadıqov iyulun 17-də Gürcüstandan Ankaraya getmək istəyərəkən Tbilisi aeroportunda saxlanılıb. Jurnalist ölkədən xaricə buraxılmasa da, bir qədər sonra sərbəst buraxılıb.
Sadıqov iyulun 17-də Amerikanın Səsinə deyib ki, onu Tbilisi aeroportunda pasport-nəzarət keçidində saxlayıblar.
“Dedilər ki, pasportumda problem var. Mənim Azərbaycandan başqa digər ölkələrə çıxışıma qadağa qoyulub. Onlar qadağanın hansı ölkənin qoyduğunu demədilər. Yalnız bildirdilər ki, Gürcüstan Daxili İşlər Nazirliyindən bu məlumatı ala bilərəm. Bu gün Gürcüstan Daxili İşlər Nazirliyinə gedib problemi araşdıracam”, o qeyd edib.
Jurnalist hesab edir ki, onun Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyəti verib.
“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və vidoelarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam. Hətta Azərbaycanda yaşayan ailə üzvlərimi hüquq-mühafizə orqanlarından zəng edib təhdid ediblər. Deyiblər ki, Əfqan tənqidi yazılarını dayandırmasa, ailənin taleyi heç də yaxşı olmayacaq. Bu səbəbdən Gürcüstanı tərk etmək istəyirik”, o qeyd edib.
Bununla yanaşı, rəsmi Bakı jurnalistin Gürcüstandan çıxışına qadağa qoyulıması ilə bağlı iddiasına hələ münasibət bildirməyib.
Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.