Avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəyə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.
Bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.
Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əhədli Xəyal və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.
Agentliyin əməkdaşları Ələkbərov Elçin və Mirzəyev Yavər isə qəlpə yaraları alıb.
Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.
Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.
Sonuncu məlumatlara görə, 2020-ci ilin noyabrından etibarən Azərbaycanın azad olunmuş ərazilərində mina partlaması nəticəsində 366 nəfər xəsarət alıb, onların 69-u ölüb.
Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.
Avropa İttifaqı Azərbaycana partlayıcı sursatların yaratdığı problemin öhdəsindən gəlməyə kömək üçün 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayıracaq.
Bu barədə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi məlumat yayıb.