3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan keçmiş diplomat Emin İbrahimov həbsinə etiraz olaraq 9 gündür aclıq edir və aclığı sonadək davam etdirmək fikrindədir.
Bu barədə Amerikanın Səsinə Emin İbrahimovun ailəsindən bildiriblər.
Hüquq müdafiəçisi Rüfət Səfərov isə Amerikanın Səsinə deyib ki, keçmiş diplomat daha əvvəl xüsusi təhlükəli residivistlərlə, qəsdən adam öldürən şəxslərlə, dəfələrlə məhkum olunan insanlarla eyni kamerada saxlanılırdı.
“Təcridxana rəhbərliyi məhkumları İbrahimovun üstünə salıb, təzyiq elətdirirdi ki, aclığı dayandırsın. Əks təqdirdə müəssisə rəhbərliyi tərəfindən digər məhkumlara süni problemlər yaradılacağı ilə bağlı təhdidlər edilirdi. Bununla bağlı müraciətlərimiz, etirazlarımız oldu, ictimailəşdirdik. Nəhayət, Emin bəyi 2 nəfərlik kameraya köçürdülər. Daha əvvəl isə 15-16 məhkumla bərabər saxlanılırdı. Hazırda Emin İbrahimov kamera şəraitində saxlanılması da qanunsuzdur. Baxmayaraq ki, o, bu vəziyyətdə tibbi-sanitar hissəyə köçürülüb, həkim nəzarətinə verilməlidir ”, o bildirib.
Bununla bağlı hələlik Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Səfərov hesab edir ki, Emin İbrahimov seçki saxtakarlığına etiraz etdiyinə, diplomatik xidmətdən istefa verib hakimiyyətin daxili və xarici siyasətini tənqid etdiyinə görə şərlənib.
“ Emin İbrahimov vicdan məhbusudur. O, ifadə azadlığı kontekstində həbs edilib. Azad fikirlərinə görə işgəncəyə, pis rəftara məruz qalıb. Emin İbrahimovun timsalında siyasi məhbuslara göstərilən münasibət Azərbaycanda hüquqi nihilizmin öz apogeyində olmasından xəbər verir. İbrahimovun həyat və sağlamlığına görə məsuliyyəti birbaşa hökumət rəhbərliyi daşıyır”, Səfərov bildirib.
Eyni zamanda İbrahimovun vəkili Bəhruz Bayramov bu həftə onunla görüşəcəyini bildirib.
İyulun 24-də saxlanılan keçmiş diplomat Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.
Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbrahimov məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.
Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.
2007 - 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012 - 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016 - 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.