İyulun 29-da keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib. Hakim Fərid Namazovun sədrliyilə keçirilən məhkəmə iclasında "Avto-Qarant" ASC-nin işçiləri dindirilib.
Nazim Bəydəmirli şirkətin rəhbəri Ədalət Bağırovu intim görüntülərini yaymaqla hədələyib, ondan 10 min manat pul almaqda ittiham olunur. Sabiq deputat isə bu ittihamı rədd edir.
Şirkətin mühasibi Kifayət Vəliyeva məhkəmədə ifadəsində bildirib ki, ötən il iyulun 25-də işdə Ədalət Bağırovu narahat görüb. Onun sözlərinə görə, Ədalət Bağırov dilxor, qanıqara idi. Ondan nə baş verdiyini soruşub. Ədalət Bağırov isə deyib ki, bir gün əvvəl Nazim Bəydəmirli onu video ilə şantaj edib, pul tələb edib, o isə məcbur olub, ona 10 min manat verib.
Nazim Bəydəmirli şahiddən bunları deyərkən onun üzünə baxa-baxa danışmaşını istəyib. Lakin şahid onun üzünə baxmaqdan imtina edib.
Nazim Bəydəmirli şahidin yalan danışdığını deyib: "Heç olmasa, öz yaşına-başına hörmət elə…".
Daha bir şahid isə həmin şirkətin mühafizəçisi Saleh Hüseynov olub. O da bildirib ki, Ədalət Bağırovun şirkətə əsəbi halda gəldiyini görüb. Sonradan Ədalət Bağırov ona Nazim Bəydəmirlinin şəkillərlə onu şantaj etdiyini, bu səbəbdən 10 min manat verdiyini deyib.
Saleh Hüseynov həm Nazim Bəydəmirlinin, həm də onun vəkili Aqil Layıcın suallarını cavablandırarkən videonu da, pulun verilməsini də görmədiyini bildirib.
Vəkil Aqil Layıc şahiddən iş rejimi barədə soruşub. O bildirib ki, həftənin 5 günü işləyirlər, şənbə-bazar günü isə istirahət edirlər.
Aqil Layıc bildirib ki, iyunun 25-i istirahət günüdür. Həmin gün ofisdə Ədalət Bağırovu necə görə bilərdi? Şahid vəkilin bu sualına cavab verməyib.
2023-cü ilin iyulun 5-də Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə təkrar tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.
"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.
Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.