Təbrizli sosial nəzəriyyəçi Seyid Cavad Miri öz Telegram kanalında bəzi kitablarının İranda nəşrinə icazə verilmədiyini açıqlayıb. O, artıq bir neçə ildir bir neçə kitabın nəşri üçün icazə verilməsini gözlədiyini bildirib.
Seyid Cavad Miri Şah İsmayıl haqqında yazdığı kitabının nəşri üçün Mədəniyyət və İslami İrşad Nazirliyinə müraciət etdiyini, lakin 5 ay sonra nazirliyin 174 səhifəlik kitabın 150 səhifəsinin çıxarılmasını tələb etdiyini bildirib.
Kitabın Şah İsmayılın “hikməti və ənənəsi” haqqında olduğunu qeyd edən Miri bu əsərdə onun hikmət və irfanının İranda tamamilə aradan qalxmasına səbəb olan "tarixi və intellektual" amillərdən bəhs etdiyini açıqlayıb. O, kitabın İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi tərəfindən ciddi senzuraya məruz qaldığını və tələb olunan bölümlər çıxarıldıqdan sonra kitabının heç bir mənası qalmadığını vurğulayıb.
Seyid Cavad Miri sosiologiya haqqında yazdığı başqa bir kitabı üçün də 4 ilə yaxın müddət ərzində nazirlikdən nəşr icazəsi ala bilmədiyini bildirib.
O həmçinin “Dil və Milli Birlik İdeyasına Yenidən Baxış: Arxaik Millətçilik Diskursunun Yenidən Oxunması” adlı kitabının nəşrinə də icazə almadığını açıqlayıb. O, kitabında İranda Əhməd Kəsrəvi və Mahmud Əfşar kimi İran millətçiliyi nəzəriyyəçilərinin iranlı kimlik nəzəriyyəsi ilə bağlı düşüncələrini tənqid etdiyini bildirib. Lakin 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu kitab üçün də hələ icazə ala bilməyib. Tədqiqatçı İranın Mədəniyyət və İslami İrşad Nazirliyindən bu kitabla bağlı heç bir cavab almadığını qeyd edib.
İranda müəlliflər və naşirlər kitabların bir nüsxəsini baxılmaq üçün sözügedən nazirliyə təqdim etməlidirlər. Kitab təsdiq olunduqda çap üçün lisenziya verilir. Dəyişikliklərə ehtiyac olarsa, müəllif və ya naşir həmin dəyişiklikləri etməli və yenidən baxılmaq üçün nazirliyə təqdim etməlidir.
SEE ALSO: İran Azərbaycanında türkcə nəşriyyatın problemləriİran Azərbaycanındakı bəzi mədəni fəallar hesab edir ki, ümumilikdə ölkədəki nəşrlərə ciddi nəzarət tətbiq olunsa da, türk dilində yazılan kitablara və ya ölkədəki türk dili və kimliyi ilə bağlı rəsmi nəzəriyyəni əks etdirməyən kitablara daha sərt senzura tətbiq edilir.