Tramp Harrisi immiqrasiya məsələsində tənqid edərək onu "sərhəd çarı" adlandırıb

Your browser doesn’t support HTML5

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp diqqətini prezidentlik yarışında onun ehtimal rəqibi, vitse-prezident Kamala Harrisə yönələdərk, onun immiqrasiya siyasətini tənqid edib. "O hamının amnistiya olmasını istəyir. Sonra Co Bayden onu "sərhəd çarı" etdi və bu, həqiqətəndə vəziyyəti pisləşdirdi. O, ölkəmizə çox sayda qeyri-qanuni immiqrantın gəlişini başlatdı. Xatırlayırsınız, o dedi ki, "buyurun gəlin"".

Qeyri-qanuni immiqrasiya respublikaçı seçicilər arasında əsas məsələlərdən biridir və Tramp kampaniyası Harrisi Baydenin immiqrasiya siyasətinə bağlamağa çalışaraq, onu “sərhəd çarı” adlandırır.

İki Partiyalı Siyasi Mərkəzidən Tereza Kardinal Braun bildirir ki, "O heç vaxt "sərhəd çarı" təyin edilməyib. Əslində, sərhəd onun prioritet məsələsi deyildi."

Bayden administrasiyasının hakimiyyətinin ilk vaxtlarında Harrisə Mərkəzi Amerika ölkələri - Qvatemala, Honduras və El Salvador ilə əməkdaşlıq edərək, ABŞ-ın cənub sərhəddinə miqrasiyanın azaldılması tapşırığı verilmişdi.

"O, miqrasiyaya təkan verən amillər adlandırılan məsələlərin azaldılmasına kömək etmək üçün Şimal Üçbucağının bu üç ölkəsinə inkişafa yardım və investisiya üçün strategiyanın işlənib hazırlanmasına və öhdəliklərin əldə edilməsinə cavabdeh idi."

Bayden Harrisdən yaşayış şəraitini yaxşılaşdırmaq və miqrantları evlərini tərk etməkdən çəkindirmək üçün strategiyaya rəhbərlik etməyi istədikdən sonra Harrisin immiqrasiya ilə bağlı mesajı daha sərt oldu: "Mən bu regionda ABŞ-Meksika sərhəddinə doğru bu təhlükəli yola çıxmağı düşünən insanlara aydın şəkildə bildirmək istəyirəm. Gəlməyin. Gəlməyin."

Tramp deyir ki, Harrisin addımları onun immiqrasiya məsələsində “ultra liberal” olduğunu göstərir: "Kamala ölümcül sığınacaq şəhərlərinin lehinə səs verdi, o, qeyri-qanuni sərhəd keçidlərinin dekriminallaşdırılmasının tərəfdarıdır və bütün qanunsuz immiqrantlara kütləvi amnistiya verilməsini dəstəkləyir. Bunu bir düşünün".

Nümayəndələr Palatasının respublikaçıları keçən həftə Bayden administrasiyasını və onların bildirdiyi kimi “sərhəd çarı Kamala Harrisi” sərhədi qoruya bilmədiyi üçün qınayan bir qətnamə qəbul ediblər.

Nümayəndələr Palatasının aparıcı demokrat üzvü Hakem Cefris deyir ki, respublikaçılar Harris haqqında yalan danışırlar, çünki onların sərhəddə problemləri həll etmək planları yoxdur: "Vitse-prezident “sərhəd çarı” deyildi. Onlar bunu uydururlar. Çünki onların Amerika xalqı üçün heç bir müsbət gündəmi, baxışı və ya əvvəlki təcrübəsi yoxdur".

İmmiqrasiya üzrə hüquqşünas Hector Quiroga deyir ki, kimin prezident seçilməsindən asılı olmayaraq, immiqrasiya islahatlarına ehtiyac var: "Məhkəmələrdə 3 milyondan çox işimiz var. Kifayət qədər immiqrasiya hakimləri yoxdur. Biz bunu çoxdan deyirik".

Bayden administrasiyası sərhəd məsələsində irəliləyiş əldə etdiyini söyləyərək, iyun ayında Meksikadan qanunsuz keçidlərə görə həbslərin Baydenin prezidentliyi dövründə ən aşağı səviyyədə olduğunu bildirib.