Ankara və Yerevan diplomatik pasport sahibləri üçün viza prosedurunu sadələşdirmək qərarına gəlib

Ermənistan və Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndələri - Ruben Rubinyan və Sərdar Kılıç iki ölkə sərhədində görüşür

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr, səfir Sərdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan iyulun 30-da iki ölkə sərhədində görüş keçiriblər.

Alican-Marqara sərhəd qapısında sayca beşinci dəfə keçirilən görüşdə xüsusi nümayəndələr əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaları bir daha təsdiqləyiblər.

“Beşinci raund görüşümüzü Türkiyə ilə Ermənistanın sərhəd bölgəsində səhər Ermənistan tərəfində, günorta Türkiyə tərəfində keçirdik. Biz konstruktiv şəkildə normallaşma prosesinin bütün aspektlərini və gələcək irəliləyiş imkanlarını müzakirə etdik”, səfir Sərdar Kılıç X səhifəsində yazıb.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan da görüşlə bağlı məmnunluğunu ifadə edib.

“Sərdar Kılıçla Ermənistan-Türkiyə sərhədində uğurlu görüş keçirdik. Əvvəllər əldə edilmiş razılaşmaları bir daha təsdiqlədik və ölkələrimiz arasında dəmir yolu əlaqəsinin fəaliyyətini təmin etmək üçün texniki tələblərin qiymətləndirilməsi də daxil olmaqla yeni etimad quruculuğu tədbirləri barədə razılığa gəldik”, Ruben Rubinyan X səhifəsində yazıb.

Hər iki ölkənin Xarici İşlər Nazirliklərinin görüşdən sonra yaydıqları məlumata görə, xüsusi nümayəndələr Akyaka/Axurik dəmir yolu sərhəd qapısının fəaliyyətini regional məsələlərin gedişatına uyğun olaraq təmin etmək üçün texniki tələbləri qiymətləndirmək qərarına gəliblər.

Bundan əlavə onlar diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər.

Nəhayət, tərəflər iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək barədə razılıqlarını bir daha vurğulayıblar.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqların birinci raundu 2022-ci ilin yanvarında Moskvada keçirilib və tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Danışıqlar çərçivəsində 2022-ci ilin fevralında iki ölkə arasında kommersiya uçuşları bərpa olunub. Ancaq əldə edilən digər razılaşmalar, o cümlədən quru sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması məsələsi həyata keçirilmədən qalmaqdadır.

Region üzrə təhlilçilər Türkiyə-Ermənistan münasibətlərinin inkişafının dolayı yolla Azərbaycan və Ermənistan arasındakı danışıqların gedişatından asılı olduğunu vurğulayırlar.

Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi Ankara ilə Yerevan arasında münasibətlərin yaranma ehtimalına ziyan vurub. Türkiyə 1993-cü ildə Bakıdakı müttəfiqlərinə dəstək olaraq Ermənistanla sərhədi bağlayıb.

Türkiyə-Ermənistan sərhədi son 35 ildə ilk dəfə ötən ilin fevralında Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı Ermənistandan göndərilən humanitar yardımın çatdırılması məqsədi ilə müvəqqəti olaraq açılıb.

Bundan əvvəl 2009-cu ildə əlaqələrin normallaşması prosesini başlatmaq cəhdləri uğursuz olub.