İsrail futbol meydançasında 12 nəfərin ölümünə səbəb olan raket hücumundan sonra Hizbullaha ağır zərbə endirəcəyini vəd edib

İsrailin işğal etdiyi Colan Təpələrində Druzların yaşadığı Məcdəl Şəms kəndində yas tutan insanlar İsrailin Livandan atıldığını bildirdiyi raket hücumu nəticəsində futbol meydançasında öldürülən uşaqların dəfn mərasimində tabutları daşıyırlar, 28 iyul 2024.

İsrailin Livanda Hizbullah militantlarından tez zamanda qisas alacağına söz verdiyi bir vaxt bazar günü İsrailin işğalı altında olan Colan təpələrində raket hücumu nəticəsində həlak olan 12 uşaq və yeniyetmənin dəfn mərasimində minlərlə insan iştirak edib.

Hizbullah HƏMAS-ın Qəzzada müharibənin başlamasına səbəb olan və bir çox cəbhələrə yayılaraq, daha geniş regional münaqişəyə çevrilmə riski yaradan 7 oktyabr hücumundan bəri İsraildə və ya İsrailin ilhaq etdiyi ərazilərdə ən ölümcül hücum olan Məcdəl Şəmsdə hücuma görə hər hansı məsuliyyəti rədd edir.

İsrail təyyarələri gecə ərzində Livanın cənubundakı hədəflərə zərbələr endirib, lakin baş nazir Benyamin Netanyahunun ABŞ-a səfərindən qayıtmasından və təhlükəsizlik kabinetinin gözlənilən iclasından sonra daha güclü cavab gözlənilir.

Bu arada, ailələr 1967-ci ildə Yaxın Şərqdə müharibədə İsrail tərəfindən Suriyada ələ keçirilən və əksər ölkələr tərəfindən tanınmayan bir addım olaraq ilhaq edilən Colan təpələrində Druzların Məcdəl Şəms kəndində dəfn mərasiminə toplaşıb.

Bir çoxları ənənəvi Druz baş geyimləri geyən insanlar dəfn mərasimində izdihamın arasından aparılan tabutların ətrafında dayanıb.

“Biz çətin günlərdən keçirik, ağır faciədir, Məcdəl Şəmsə qaranlıq gün gəldi”, Məcdəl Şəms yerli şurasının rəhbəri Dolan Əbu Saleh İsrail televiziyasında yayımlanan aıçqlamasında deyib.

Hizbullah əvvəlcə Colan təpələrində İsrail hərbi obyektlərinə raket zərbələri endirdiyini bildirsə də, Məcdəl Şəmsə edilən hücumda iştirakını inkar edərək, “hadisə ilə heç bir əlaqəsi olmadığını və bununla bağlı bütün saxta ittihamları qəti şəkildə rədd etdiyini” bildirib.

Lakin raketin Livanın cənubundakı Şebaa kəndinin şimalındakı ərazidən atıldığını bildirən İsrail İranın dəstəklədiyi qrupu günahlandıraraq, futbol oynayan uşaqların ölümünə görə Hizbullahın “birmənalı olaraq məsuliyyət daşıdığını” bildirib.

“Oğlanlarımızı və qızlarımızı öldürən raket İran raketi idi və Hizbullah arsenalında bu raket olan yeganə terror təşkilatıdır” İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İsrail qüvvələri və Livanın cənubunda Hizbullah militantları arasında aylardır atışmalar baş verir, lakin belə görünür, hər iki tərəf ABŞ və İran da daxil olmaqla, potensial olaraq digər gücləri cəlb edərək, genişmiqyaslı müharibəyə gətirib çıxara biləcək eskalasiyadan qaçmağa çalışır.

Lakin şənbə günü baş verən hücum qarşıdurmanın daha təhlükəli fazaya gətirib çıxara bilməsi təhlükəsini yaratdı və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri hər iki tərəfi maksimum təmkinli olmağa çağırdı və xəbərdarlıq etdi ki, eskalasiyanın artması “bütün bölgəni inanılmaz bir fəlakətə sürükləyən daha böyük bir yanğına səbəb ola bilər”.

İsrail ordusunun sözçüsü daha əvvəl jurnalistlərə bildirib ki, ekspertiza raketin İran istehsalı olan Fəlaq-1 raketi olduğunu göstərib. Hizbullah şənbə günü Fəlaq-1 raketinin İsrail ordusunun qərargahını hədəf aldığını bildirib.