Rusiya qüvvələri Ukraynanın cənubundakı Xerson vilayətində ondan çox yaşayış məntəqəsini hədəfə alıblar. Rəsminin verdiyi məlumata görə, şənbə günü Rusiyanın pilotsuz təyyarəsi təcili yardım maşını vurub, nəticədə sürücü yaralanıb.
Rusiya qüvvələri həmçinin ölkənin digər dörd bölgəsini ən azı bir qanadlı raket və 11 digər pilotsuz təyyarə ilə hədəfə alıb. Ukrayna Hərbi Hava Qüvvələri mərmilərin hamısının vurulduğunu iddia edib.
Şənbə günü səhər saatlarında Ukrayna Rusiya ilə sərhəd bölgələrindəki hədəflərə 20-yə yaxın pilotsuz uçan aparat göndərib və Rusiya hakimiyyət orqanları onlardan ən azı 14-nü vurduğunu iddia edib.
Rusiya rəsmilərinin bildirdiyinə görə, Ukraynaya məxsus helikopter-dronun Kursk bölgəsində partlayıcı qurğu atması nəticəsində azı iki nəfər yaralanıb.
Pilotsuz təyyarələrin hücumları və hava zərbələri mübadiləsi Ukrayna qüvvələrinin 1100 kilometrlik cəbhə xətti boyunca bir neçə yerdə rus qoşunlarının ləng irəliləyişlərini dayandırmaq üçün mübarizə apardığı bir vaxtda baş verib.
Ukraynalı komandirlər Donetsk vilayətinin Pokrovsk şəhərinin şərqində, eləcə də rus qoşunlarının onun şərq rayonunu əsas şəhərdən ayıran su kanalına doğru irəlilədiyi şimalda Çasiv Yar şəhərində vəziyyətin kritik olduğunu bildiriblər.
Ukraynanın baş komandanı, general-polkovnik Oleksandr Sirskiy “The Guardian” qəzetində dərc olunan müsahibəsində döyüş meydanında vəziyyətin “çox çətin” olduğunu bildirib.
Sirskiy Rusiya qoşunlarının bir çox istiqamətlərdə Ukrayna mövqelərinə hücum etdiyi deyib.
“Düşmən güc və resurslar baxımından əhəmiyyətli üstünlüyə malikdir. Buna görə də bizim üçün təchizat məsələsi, keyfiyyət məsələsi həqiqətən də ön plandadır”, general-polkovnik əlavə edib.
Rusiyanın Xerson vilayətində 17 yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində 8 nəfər yaralanıb, hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin bildirib.
Dnepr çayının qərb sahilində yerləşən Berislav şəhərində Rusiyaya məxsus pilotsuz uçan aparat təcili yardım maşını ilə toqquşub, onun sürücüsü yaralanıb. Həmin vaxt təcili yardımın kimisə daşıyıb-daşımadığı bəlli deyildi.
2022-ci ilin sonunda Dnepr çayının qərb sahilindən çəkilən Rusiya qüvvələri qarşı sahillərdəki Ukrayna yaşayış məntəqələrini bombalamağa və təqib etməyə davam edir.
Rusiyanın Ryazan vilayətində yerli Telegram kanalları neft anbarı və aerodromun hücuma məruz qala biləcəyi barədə məlumat yayıb. Daha sonra bu barədə rəsmi təsdiqləmə olmadı.
Artıq 28-ci aydır Rusiya işğalı ilə hər iki tərəfdən itkilərin sayı artmaqda davam edir.
Ukrayna ölən və ya yaralananlarla bağlı məlumat açıqlamasa da, Prezident Vladimir Zelenski fevral ayında həmin ana qədər ən azı 31.000 Ukrayna əsgərinin öldürüldüyünü bildirib. Həqiqi rəqəmin daha çox olduğu ehtimal edilir.
Bununla bərabər, Qərb rəsmiləri Rusiyanın ölən və ya yaralananların sayının 500 mini keçdiyini təxmin edir. BBC-nin Rus Xidməti və Mediazona tərəfindən dərc edilmiş nekroloqlar kimi açıq mənbələrə əsaslanaraq tərtib edilən son hesabatda 2022-ci ilin fevralından bəri ən azı 61 min rus əsgərinin öldürüldüyü məlum olub.
Rusiya Müdafiə Nazirliyinin 2022-ci ilin sentyabrında açıqladığı son rəsmi rəqəmdə ölənlərin sayının 5937 nəfər olduğu bildirilir.