İsrail Qəzzada humanitar zona olaraq təyin olunmuş ərazinin boşaldılması göstərişi verib

İsrail ordusu şənbə günü Xan Yunisdə HƏMAS militantlarına qarşı əməliyyat planlaşdırdığını bildirərək, Muvasi şəhərində minlərlə köçkünün yerləşdiyi müvəqqəti düşərgə də daxil olmaqla Qəzzanın humanitar zona olaraq təyin edilmiş izdihamlı hissəsinin boşaldılması göstərişi verib.

Göstəriş İsrailin ərazidən göndərildiyini iddia etdiyi raket atəşinə cavab olaraq verilib. Bu, Qəzzanın digər bölgələrindən qaçan fələstinlilər üçün ayrılmış ərazidə son həftə ərzində həyata keçirilən ikinci təxliyədir. Bir çox fələstinli İsrailin havadan və qurudan hərbi kampaniyası zamanı təhlükəsizlik axtarışında dəfələrlə əraziləri dəyişməli olub.

Bazar ertəsi Qəzzanın Səhiyyə Nazirliyinin Nasser Xəstəxanasının rəqəmlərinə istinadla verdiyi məlumata görə, təxliyə əmrindən sonra İsrail hava qüvvələrinin Xan Yunis ətrafına çoxsaylı zərbələri nəticəsində ən azı 70 nəfər həlak olub.

Bu ərazi İsrailin fələstinlilərə müharibə boyu sığınmaq üçün getməli olduqları dediyi 60 kvadrat kilometrlik “humanitar zona”nın bir hissəsidir. Birləşmiş Millətlər Təşkilatı və humanitar qrupların dediyinə görə, ərazi çox hissəsində sanitariya şəraiti və tibb müəssisələri olmayan, o cümlədən yardıma məhdud çıxışı olan çadır düşərgələri ilə doludur. İsrailin hesablamalarına görə, 1,8 milyona yaxın fələstinli ərazidə sığınır. Bu, Qəzzanın müharibədən əvvəlki 2,3 milyon əhalisinin yarısından çoxdur.

Qəzzadakı müharibə 39,100 nəfərin həyatına son qoyub. Ərazisinin səhiyyə rəsmilərinin verdiyi rəqəm döyüşçülərlə mülki şəxslər arasında fərq qoymur. BMT-nin fevral ayındakı hesablamalarına görə, bu ərazidə olan uşaqların 17 mini müşayiətsizdir və həmin vaxtdan bəri rəqəmin artığı ehtimal olunur.

Müharibə HƏMAS silahlılarının oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlayıb. Militantlar əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfər qətlə yetilirib, 250-yə yaxın insan girov götürüb. İsrail rəsmilərinə görə, girovlardan təxminən 115 nəfər hələ də Qəzzadadır, onlardan üçdə birinin öldüyü güman edilir.