İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə üç şahidin ifadəsi dinlənilib.
Şahidlərdən biri ifadəsində deyib ki, o, Çexiyaya tur üçün viza almaq üçün Hacıyevə müraciət edib və onunla başqa heç bir münasibəti olmayıb. Şahid qeyd edib ki, şəxsən pul verməyib, xidmətə görə köçürmə edib.
Başqa şahid bildirib ki, kurslarda dərs deyib və Hacıyevdən dərs otağı icarəyə götürüb.
Digər şahid isə ABŞ-da kurslarda təhsil almaq üçün Hacıyevin vasitəsilə viza aldığını deyib.
Proses zamanı Hacıyev ev dustaqlığına buraxılması üçün vəsatət qaldırsa da, məhkəmə vəsatəti təmin etməyib.
Hacıyevin ikinci vəsatəti məhkəməyə gəlməyən şahidlərlə bağlı olub. Hacıyev onların ifadələrini ilkin istintaqda açıqlamağı təklif edib. Məhkəmə vəsatəti təmin edib və növbəti iclası avqustun 2-nə təyin olunub.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.