Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəliri Ukraynaya göndərir

Avropa İttifaqı iyulun 26-da Rusiyanın dondurulmuş aktivlərinin faiz dərəcələrindən əldə edilən 1,5 milyard avroluq gəliri Ukraynaya göndərəcək. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

“Aİ Ukraynanın yanındadır. Bu gün biz immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə edilən 1,5 milyard avro vəsaiti Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük. Kremlin pulu ilə Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha yaxşı simvol və ya istifadə yolu yoxdur”, Ursula fon der Leyen X səhifəsində yazıb.

Ukraynada işğalçı müharibəyə başlamasından sonra Rusiyanın Avropada 260 milyard avro dəyərindəki aktivləri dondurulub. Aİ ölkələrinin liderləri may ayında bu aktivlərdən gələn gəlirləri Ukraynaya yardım üçün ayrılması ilə bağlı qərar verib. Qərara əsasən, əldə edilən gəlirlərin 90 faizi Avropa Sülh Fondu vasitəsilə ilə Ukraynaya hərbi yardıma, yerdə qalan 10 faizi isə yenidənqurma işlərinə yönləndiriləcək.

Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib ki, Avropa Sülh Fonduna daxil olacaq 1,4 milyard avro ilə Ukraynaya prioritet hərbi texnikanın, hava hücumundan müdafiə vasitələrinin və artilleriya üçün sursatların alınması maliyyələşdiriləcək.

Ukraynanın baş naziri Denis Şmiqal maliyyə yardımına görə Aİ-yə təşəkkürünü ünvanlayıb.

“Səmimi dəstəyinizə, Ukraynanın müdafiəsi və yenidən qurulmasına verdiyiniz bu mühüm töhfəyə görə fon der Leyen və Aİ-yə təşəkkür edirəm. Biz birlikdə çətinlikləri gücə çeviririk və daha təhlükəsiz, daha dayanıqlı Avropa qururuq”, Şmiqal X səhifəsində yazıb.

TASS agentliyinin yazıdığına görə, Kremlin sözçüsü Dmitri Peskov Aİ-nin bu “qanunsuz” addımını “cavabsız” qoymayacaqlarını deyib.