Jalə Təbrizli: Faktaraşdırıcı missiya və xüsusi məruzəçi Tehranın müxaliflərə qarşı cinayətlərini araşdırır

Jalə Təbrizli, hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında kəndlilər və ətraf mühit fəallarının təşkil etdiyi etiraz aksiyaları və Evin həbsxanasında saxlanılan türk fəalların vəziyyəti haqqında danışıb.

Your browser doesn’t support HTML5

Jalə Təbrizli: Faktaraşdırıcı missiya və xüsusi məruzəçi Tehranın müxaliflərə qarşı cinayətlərini araşdırırlar

Təbrizli həmçinin BMT eksperti Cavid Rəhmanın bu yaxınlarda İran hökümətinin 1980-ci illərdə müxalif qruplar və azlıqlara qarşı törətdiyi “qəddar cinayətlər” və “soyqırım”ın araşdırılması ilə əlaqədar çağırışını dəyərləndirib.

BMT-nin İranda insan hüquqları vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhman bu yaxınlarda deyib ki, İranda 1980-ci illərdə siyasi müxaliflərə qarşı tətbiq edilən basqılar zamanı özbaşına həbs edilmiş minlərlə insanın mühakiməsiz öldürülməsi də daxil olmaqla, “qəddar cinayətlərdə” məsuliyyət daşıyanların araşdırılması və təqibi üçün beynəlxalq mexanizm şərtdir.

İranla bağlı vəzifəsi iyulun 31-də başa çatan məruzəçi keçən həftə yayımladığı son hesabatında 1981, 1982 və 1988-ci illərdə qısa müddətdə tətbiq olunan özbaşına və mühakiməsiz edamların insanlığa qarşı cinayət, qətl, təmizləmə, eləcə də soyqırım cinayətlərinə bərabər olduğunu qeyd edib.

SEE ALSO: Sina Yusufi: Bu hakim o cəhətdən məşhurdur ki, müttəhimə heç bir haqq tanımır

“Cavid Rəhmanın bu ifadələri çox önəmlidir ki, İslam İnqilabının ilk illərində İranda insanlığa qarşı cinayət və soyqırım törədilib. Ölkə içində və xaricdə 80 nəfər şahid var bu olaylarda ölənlərin yaxınları və onlar ki, ölümdən qaçıblar", Jalə Təbrizli Amerikanın Səsinə söyləyib.

Cənab Rəhmanın mandatının bitməsi ilə yapon alim və ekspert xanım Mai Sato onun yerinə keçəcək.

Təbrizlinin dediklərinə görə, “Cavid Rəhman vəzifəsinin sonunda gözəl bir iş gördü. Xanım Mai Sato insan hüquqları və beynəlxalq cəza hüququ üzrə ekspertdir yaxında Rəhmanın yerinə keçəcək və mütləq onun araşdırmalarından istifadə edəcək.”

SEE ALSO: BMT-nin faktaraşdırıcı missiyası işini davam etdirmək üçün missiyanın uzadılmasını istəyir

Hüquq müdafiəçisi həm BMT-nin faktaraşdırıcı missiyası, həm də xüsusi məruzəçi tərəfindən həyata keçirilən araşdırmaların ciddi mərhələyə çatdığını vurğulayıb.

“Şərait İranda elədir ki, hər gün cinayət və qətllər törədilir. Hər gün edamlar olur. [2022-ci ildə baş qaldıran] etirazlarla bağlı həbslər və işgəncələr bitməyib, davam edir. Nəticədə həm faktaraşdırıcı missiya, həm də xüsusi məruzəçi, yəni xanım Mai Sato fəaliyyətə davam edəcəklər. Bunlar çalışacaq ki, İranın cinayətlərini sübut edib və məsulları beynəlxalq məhkəmələrə çəksinlər”, Təbrizli əlavə edib.