Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın sülh danışıqları prosesində “inanılmaz irəliləyiş” əldə etdiyini və tərəfləri bu istiqamətdə təşviq etməkdə davam edəcəyini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sülh sazişinin hər iki ölkədə və regionda sülh, sabitlik və təhlükəsizlik üçün vacib olduğunu qeyd edib. Bu açıqlamalar ABŞ dövlət katibi Antoni Blinkenin bu ayın əvvəli NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ilə görüşündən sonra verilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Vaşinqtonun sülh sazişinin əldə olunması istiqamətində səyləri haqda danışıb.
Amerikanın Səsi: Mən ilk olaraq dövlət katibi Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü haqda sual vermək istəyirəm. Görüşdə danışıqlarda əldə edilən irəliləyişlər və ABŞ-ın iki ölkəyə yekun razılaşmaya nail olmaq üçün daha çox kömək edə biləcəyi müzakirə edilib. Bu görüş və Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh perspektivləri haqda nə düşünürsünüz?
Riçard Kazlariç: İlk növbədə, NATO sammiti ətrafında baş verənlər və dünyanın hər yerindən liderlərin gəldiyi nəzərə alınsa, dövlət katibi Blinkenin buna vaxt ayırması olduqca diqqətəlayiqdir. Bu o demək deyil ki, Ermənistan və Azərbaycan önəmli deyil. Amma fakt budur ki, çox şey baş verir. Buna görə də hesab edirəm ki, hansısa mənada onun etdikləri ABŞ-ın bacardığı hər şeyi etməkdə və prosesi irəli aparmaqda maraqlı olduğunun göstəricisidir. Lakin bununla belə buna nail olunduğundan əmin deyiləm. Demək istədiyim odur ki, dövlət katib Blinkenin keçirdiyi ABŞ ilə yanaşı iki xarici işlər nazirinin görüşünün davamı olacağına göstərən heç bir işarə görməmişəm. NATO sammitindən əvvəl də ümid var idi ki, Ermənistan və Azərbaycan arasında ikitərəfli təmaslar hər iki tərəfi sülhə yaxınlaşdırır. Şübhəsiz ki ABŞ-ın bəyanatı hər şeyin həllə yaxın olduğunu ifadə edirdi və bu səbəbdən düşünürəm ki, razılaşmanın əldə edilməsi üçün hər şeyin kifayət qədər yaxın olduğu vurğulanaraq çox optimist idi.
İndi mənim fikrimcə nə olacaq? Mən bu prosesə bir az pessimist yanaşıram, xüsusən də sentyabrda Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi vaxt. Düşünürəm ki, bu seçkilərə qədər hər şeyi bir araya gətirmək çox çətin olacaq, sual Azərbaycanın son addımı atmaq üçün o vaxta qədər gözləmək istəyib-istəməyəcəyi ilə bağlıdır. Lakin sentyabr seçkilərindən sonranı gözləsəniz, noyabrda qarşıda COP 29 konfransı var, bu, əlbəttə ki, Azərbaycan tərəfindən çox diqqət çəkəcək, lakin eyni zamanda bütün dünyada da COP nəticələrinin anlamlı nəticəyə çevrilməsinə diqqət yetiriləcək. Ona görə də mənə bu ilin sonuna qədər razılaşmanın olacağına kifayət qədər yaxın olduğunu göstərən bir şey yoxdur. Ümid edirəm ki, mən səhv edirəm. Ola bilsin ki, bizim görə bilmədiyimiz bir sürpriz var. Ancaq bizi növbəti mərhələyə aparacaq dinamikanı görmürəm. Əgər dövlət katib Blinkenin dediyi qədər yaxınsınızsa və həm Ermənistan, həm də Azərbaycanın dediyi qədər yaxınsınızsa, o zaman gözləntilər razılığa gəlmək üçün işləri zirvəyə çatdırmaq məqsədilə intensivləşdirilmiş təmasların davam edəcəyi bir sıra görüşlərlə bağlı olardı. Mən bunun baş verdiyini hiss etmirəm.
Amerikanın Səsi: Dövlət Departamentinin rəsmilərinə əsasən, dövlət katibi Blinken Azərbaycan-Ermənistan sülh prosesində fəal iştirak edir. O, 2023-cü ildə Vaşinqtonda xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iki üçtərəfli və ikitərəfli görüşlərə ev sahibliyi edib. Bu dəfəki görüşdə Blinken ABŞ-ın sülh prosesinə dəstəyini vurğulayıb və deyib ki, bu, Birləşmiş Ştatların tərəflərin razılığa gəlməsinə kömək məqsədilə daha nə edə biləcəyini qiymətləndirmək üçün bir imkandır. ABŞ bu mərhələdə hansı əlavə addımlar ata bilər?
Riçard Kazlariç: Dövlət katibinin köməkçisi O'Brayn bir müddət əvvəl Bakıda olduğu zaman regional nəqliyyat əlaqələri baxımından sülh sazişi ilə bağlı siyasi prosesə iqtisadi dəyər gətirmək imkanları barədə danışıb. Düşünürəm ki, bu, ABŞ və Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında hər iki ölkəyə və insanlara dividend gətirəcək razılaşmanın əldə olunması üçün istifadə edə biləcəyi aktivdir. Fikrimcə, bunun baş verəcəyini həqiqətən də söyləmək üçün daha çox iş görülməlidir. Yadımdadır, hələ 90-cı illərin əvvəllərində söhbət gedirdi ki, ola bilsin ki, Azərbaycandan Ermənistana keçərək Türkiyəyə neft nəql edəcək sülh yolu boru kəməri çəkilə bilər. Bilirsinizmi, biz həmişə deyirdik ki, boru kəməri sülh gətirə bilməz, amma sülh boru kəməri gətirə bilər. Bəlkə də mən öz keçmişimin əsiriyəm, amma mən bu tranzit marşrutu haqqında eyni cür düşünürəm. Bu, çox maraqlı fikirdir, amma sülh gətirməyəcək. Əgər sülh varsa, bütün imkanlar açıq olur və bu, fürsətə çevrilir. Lakin mən ABŞ-ın hər iki tərəfə sülh razılaşmasına nail olmaq üçün zəruri olan son güzəştlərin edilməsini cəlbedici edəcək nəsə təklif edə biləcəyinə əmin deyiləm.
Amerikanın Səsi: Siz dövlət katibinin köməkçisi Ceyms O’Braynın nəqliyyat marşrutlarının vacibliyini vurğuladığını qeyd etdiniz. Bu yaxınlarda dövlət katibi Blinken davamlı və ləyaqətli sülhün vacibliyini, bunun hər iki ölkə, region və onların Birləşmiş Ştatlarla münasibətləri üçün böyük potensialı aça biləcəyini vurğulayıb. Blinken Brukinqs İnstitutunda deyib ki, sülh sazişi əhəmiyyətli imkanlar və iqtisadi artım yaradacaq. Siz 1990-cı illərin əvvəllərini xatırladınız, o zaman Bakı-Tbilisi-Ceyhan layihəsi ətrafında böyük gözlənti var idi. ABŞ-ın regionla bağlı baxışı nədən ibarətdir və ABŞ bu təşəbbüslərdə hansı rol oynayacaq?
3 Riçard Kazlariç: Sizin ikinci sualınız noyabrda keçiriləcək seçkilərimizin nəticələrindən və Birləşmiş Ştatların bir tərəfdən Rusiyadan yan keçən, digər tərəfdən isə təkcə Cənubi Qafqaz ölkələrini deyil, Mərkəzi Asiyaya qədər ölkələrin inteqrasiyasını təmin edən bir sıra nəqliyyat marşrutlarının işlənib hazırlanmasında daha uzunmüddətli prosesdə hansı rol oynayacağı ilə bağlı olacaq. Ona görə də ABŞ-ın nə edəcəyini indidən demək çətindir. Mən indi və noyabr ayları arasında Bayden administrasiyası tərəfindən hər hansı bir real təşəbbüsün olacağını bilmirəm. Düşünürəm ki, bununla bağlı daha müsbət bəyanatlar ola bilər.
Amma bilirsiniz ki, konkret addımlar baxımından maliyyələşmə mexanizmi üçün hansısa təkliflə çıxış etməlisiniz, çünki boru kəmərlərində olduğu kimi, bu nəqliyyat marşrutlarının da kim tərəfindən maliyyələşdirilməsi həmişə böyük məsələdir. Lakin mənə elə gəlir ki, Amerikada seçkilər keçirilənə qədər Birləşmiş Ştatların nə etməyə hazır olduğu sualına həqiqətən cavab vermək çətin olacaq. Hesab edirəm ki, ABŞ-ın konkret nə edə biləcəyini indi demək çox çətindir. Düşünürəm ki, əsas məqsəd hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq olacaq. Yəni, hər zaman risk olduğunu düşünürəm. Yekun razılaşmanın əldə olunmasını nə qədər çox gözləsək, hərbi münaqişənin yenidən başlaması üçün bir o qədər çox səbəb ola bilər. Hesab edirəm ki, Amerikada seçkilərə baxmayaraq, ABŞ-ın əsas prioriteti sülh prosesini davam etdirmək və tərəflərin istəmədən yeni hərbi münaqişəyə cəlb olunmasının qarşısını almaq olacaq.