İyulun 23-də Aqrosənaye Şirkətinin bir sıra fəhləsi Parsabadda yerləşən bu şirkətin mərkəzi ofis binasının qarşısına toplaşaraq piket keçiriblər.
Bu barədə bölgədəki hüquq müdafiəçiləri sosial mediada məlumat yayıb.
Bu etiraz mitinqində fəhlələr dolanışıq və məşğulluq problemlərinin həllini tələb edib, şirkət rəhbərlərinin məsuliyyətsizliyinə etiraz ediblər.
Şirkət son illərdə idarəetmə böhranı yaşayır. 2016-cı ildə dövlət şirkətlərinin özəlləşdirilməsi və özəl sektora verilməsi siyasətlərinə uyğun olaraq Həsən Ruhani hökuməti bu böyük şirkətin özəl sektora satılması prosesinə başlamışdı.
Həmin dövrdə Muğan bölgəsində minlərlə hektar münbit torpağa sahib olan bu şirkət real dəyərinin yarısından azına özəl sektora satılmasına razılıq verilib. Lakin yüzlərlə işçisi olan şirkətin hökumət tərəfindən bank borcu yüksək olan bir şəxsə ucuz qiymətə satılması iqtisadi və siyasi fəallar tərəfindən tənqid edilmişdi.
İbrahim Rəisi hökuməti dövründə bu şirkətin özəl sektora keçidi dayandırılsa da, şirkətdə idarəetmə və iqtisadi böhran o qədər dərindir ki, işçilərin maaşlarını ödəməkdə çətinlik çəkilir.
Bu, fəhlələrin ilk etirazı deyil. Şirkətdə idarəetmə böhranı və maaşların vaxtında verilməməsi səbəbindən bundan əvvəl də dəfələrlə piket keçirilib.