İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edib. Vəkil Nemət Kərimlinin məlumatına görə prosesdə zərərçəkmiş kimi tanınan şəxslərin dindirilməsi nəzərdə tutulsa da, onlar artıq bir neçə məhkəmə iclasında iştirak etmirlər.
"Onların məhkəməyə məcburi şəkildə gətirilməsi ilə bağlı qərar qəbul edilmişdi, təəssüf ki, bu qərarı yerinə yetirməli olan polis qərarı yerinə yetirmədi. Məhkəmədə şahid ifadəsi dinlənildi, onun ifadəsindən məlum oldu ki, Teymur Kərimov hər hansı cinayət hadisəsi törətməyib. Teymurun özünün də dediyi kimi, o jurnalist fəaliyyətinə görə həbs olunub", deyə vəkil qeyd edib.
Məhkəmədə iştirak edən jurnalist Nurlan Qəhrəmanlı (Libre) hesab edir ki, Teymur Kərimovun həbsi siyasi quramadır:
"Azərbaycan dövləti onu sırf vətəndaşların sosial problemlərini çəkdiyi, polis tərəfindən törədilən zorakılıq faktlarını ictimaiyyətə çatdırdığı üçün təqib edir. Teymur artıq 8 aya yaxındır ki, həbsdədir, məhkəmədə Kərimova qarşı açılmış cinayət işində konkret ittiham yoxdur. Sadəcə olaraq söz yığınıdır, mənasız ifadələrdir, cinayət işi təzyiq altında olan ifadələr əsasında açılıb. Azərbaycan dövləti jurnalistləri şərləməyə davam edir".
Teymur Kərimovla birgə təqsirləndirilən İstək Totiyeva istintaqda hədə-qorxu ilə tələb olunduğu iddia olunan pulun 200 manatını jurnalistin adına olan bank hesabına köçürdüyünü bildirib. Lakin Teymur Kərimovun məhkəməyə təqdim etdiyi bank kartlarından çıxarışlarla bağlı sənədlərdə qeyd olunur ki, onun bank hesablarına qeyd olunan tarixlərdə həmin məbləğdə pul daxil olunmayıb.
Jurnalist məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Həmçinin, Kərimov idarədə ona işgəncə verildiyini deyib.
Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.
İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.
Ötən il dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.
Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.