Prezident Co Bayden çərşənbə günü Ağ evin Oval ofisində çıxışında ilk dəfə amerikalılara 2024-cü il prezidentlik yarışından qəfil çıxdığını elan edərkən “məşəli yeni nəslə ötürdüyünü” bildirdi.
“Mən bu ofisə hörmət edirəm,” Bayden bildirib. “Lakin mən ölkəmi daha çox sevirəm,” o əlavə edib.
“Mən qərara gəldim ki, irəliyə doğru ən yaxşı yol məşəli gələcək nəslə ötürməkdir. Bu, millətimizi birləşdirməyin ən yaxşı yoludur,” Bayden deyib.
Bayden noyabrda Respublikaçı Donald Trampa məğlub ola biləcəyi və digər demokratlarını da özü ilə birlikdə sürükləyə biləcəyini təxmin edən sorğulardan sonra bu çətin qərarını verib.
“Amerikanın ən yaxşı tərəfi budur ki, krallar və diktatorlar hökmranlıq etmir. İnsanlar idarə edir. Tarix sizin əlinizdədir. Güc sizin əlinizdədir. Amerika ideyası sizin əlinizdədir,” Bayden deyib.
Bu, Baydenin bazar günü sosial mediada noyabrın 5-də yenidən seçilməmək qərarına gəldiyini elan etdikdən sonra ictimaiyyət qarşısında ilk çıxışı idi.
Prezidentlik yarışından çıxdıqdan sonra xalqa ilk müraciətində 81 yaşlı prezident siyasi irsini əlamətdar kimi təsvir edbi və səlahiyyət müddətinin sonuna qalan altı ay ərzində vəzifəsində qalacağını bildirib.
“Demokratiyanı müdafiə etmək istənilən tituldan daha vacibdir. Amerika xalqı üçün çalışmaqdan mənə qüvvət və sevinc gətirir. Qərara gəldim ki, ən yaxşı yol estafeti yeni nəslə ötürməkdir. Bu, ölkəmizi birləşdirməyin ən yaxşı yoludur” - deyə, prezident bildirib.
Bayden növbəti altı ay ərzində “prezident kimi öz öhdəliklərini yerinə yetirməyə diqqət yetirəcəyini” təsdiqlədi.
“Bu o deməkdir ki, mən işləyən ailələr üçün xərcləri azaltmağa və iqtisadiyyatımızı inkişaf etdirməyə davam edəcəyəm. Səsvermədən tutmuş seçimə kimi şəxsi azadlıqlarımızı və vətəndaş hüquqlarımızı müdafiə etməyə davam edəcəyəm”.
Prezidentliyə Respublikaçı namizəd Donald Tramp az sonra Prezident Co Baydenin müraciətinə cavabla çıxış edib. O, prezidentin nitqini anlaşılmaz və rüsvayçılıq adlandırıb.
Şimali Karolina ştatında təşviqat mitinqi keçirən Tramp daha sonra "Truth Social" adlı sosial media platofrmasında yazıb:
“Əyri Co Baydenin Oval Ofisdən çıxışı güclə anlaşılırdı və elə pis idi ki,” Tramp 10 dəqiqə çəkən müraciət haqda bildirib.
Bayden 1968-ci ildə Vyetnam müharibəsi ilə bağlı tənqid atəşinə tutulan Lindon Consonun kampaniyadan qəfil geri çəkilməsindən sonra yenidən seçilmək istəməyən ilk prezidentdir.
Bayden həmçinin Ceyms Polk, Ceyms Byukanan, Rutherford Hays, Kalvin Kulic və Harri Truman kimi ikinci dəfə seçilməmək qərarına gələn prezidentlər sırasına qoşuldu.
Bayden Trampa qarşı debatda zəif çıxışının ardınca onun əqli kəskinliyi ilə bağlı narahatedici sualların yaranmasından sonra kənara çəkilmək çağırışları ilə üzləşmişdi.
Lakin seçki kampaniyasından çəkildikdən sonra Demokratlar onun ətrafında birləşərək, Baydenin xarakteri və prezident kimi fəaliyyəti barədə yüksək fikirlər ifadə ediblər.
Baydenin siyasi karyerası 1972-ci ildə o, 29 yaşında Senata seçildiyi və ABŞ-ın altıncı ən gənc senatoru olduğu zaman başlayıb.
O, Ağ Evdə səlahiyyət müddətini 2025-ci il yanvarın 20-də 82 yaşında Amerikanın ən yaşlı prezidenti olaraq başa vuracaq.