İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin birgə iclasında çıxış edib

Çərşənbə günü ABŞ Konqresinin birgə iclasında nitq ilə çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın göstərdiyi dəstəyin əhəmiyyəti, müharibədən sonrakı Qəzza planı, o cümlədən İsrail ilə ABŞ-ın ərəb müttəfiqləri arasında potensial ittifaq haqda danışdı.

Onlarla demokrat qanunverici İsrailin HƏMAS-ın nəzarətində olan Qəzza anklavında apardığı hərbi kampaniya nəticəsində minlərlə mülki insanın ölümü və humanitar böhrandan narahatlığını ifadə edərək, Netanyahunun çıxışında iştirak etmədi.

Baş nazirin nitqi zamanı minlərlə Fələstin tərəfdarı nümayişçi ABŞ Kapitolisinin ətrafında etiraz akiyaları keçirdi. Netanyahu çıxışında İsrailin Qəzza səhiyyə rəsmilərinin bildirdiyinə görə, 39 mindən çox sakinin ölümünə səbəb olan hərbi əməliyyatlara qarşı tənqidləri rədd edib.

Netanyahu nitqində 7 oktyabr tarixində HƏMAS militantlarının İsrail ərazisinə hücumu nəticəsində girov götürülənlərin tezliklə azad ediləcəyinə söz verdi. Həmin hücum zamanı militantların təxminən 1200 insanı qətlə yetirdiyi və 250 insanın girov götürüldüyü bildirilir.

Təxminən bir saat davam edən və dəfələrlə alqışlarla kəsilən nitqində Netanyahu, Qəzzada 9 aydan çox davam edən və gərginləşərək daha geniş regional münaqişəyə çevrilmə təhlükəsi ilə üzləşən münaqişədə artan beynəlxalq qınaq qarşısında ABŞ-ın İsrailə, xüsusilə də silah təchizatına dəstəyini gücləndirməyə çağırış etdi.

"ABŞ-ın sürətli hərbi yardımı Qəzzada müharibənin sona çatmasını dramatik şəkildə sürətləndirə və Yaxın Şərqdə daha geniş müharibənin qarşısını almağa kömək edə bilər", Netanyahu bildirib.

Netanyahu İsrailin girovların azad edilməsi üçün fəal şəkildə intensiv səylər göstərdiyini bildirib. O, müharibədən sonrakı vizyonu haqda danışanda Qəzzanın gələcəyini İsraili məhv etməyə çalışmayan fələstinlilər tərəfindən idarə ediləcək silahsızlaşdırılmış və qeyri-radikal anklav kimi təsvir etdi.

ABŞ rəsmiləri dəfələrlə Netanyahuya Qəzza ilə bağlı “növbəti gün” planını təqdim etməsi üçün təzyiq ediblər. Netanyahu İsrailin Qəzzada HƏMAS-ın hakimiyyətə qayıtmasına icazə verməyəcəyini, amma bununla bərabər anklavın idarəetməsində işğal altındakı İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən Fələstin Muxtariyyətinin də rol almasını qəbul etməyəcəyini deyib.

Netanyahu həmçinin ABŞ-ın İrana qarşı dayaq kimi gördüyü İsrail və ərəb qonşuları arasında Yaxın Şərqdə geniş təhlükəsizlik ittifaqı perspektivlərindən danışıb.

Belə bir ittifaq İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin tarixi normallaşmasını tələb edəcək. Ər-Riyad bildirib ki, Netanyahunun Fələstin dövləti ideyasına müqaviməti və Qəzzada davam edən münaqişə bu təşəbbüsün irəliləməsinə mane olur.

Bu, Netanyahunun Senat və Nümayəndələr Palatasının birgə iclasındakı dördüncü çıxışı idi. ABŞ tarixində heç bir xarici ölkə lideri Konqres qarşısında Netanyahu qədər çıxış etməyib. İkinci dünya müharibəsi dövründə Brtiyaniyanın lideri Uinston Çörçil qanunvericilər qarşısında üç dəfə çıxış edib.

İl ərzində ABŞ universitetlərində müharibə əleyhinə nümayişlərin davamı olaraq yığışan etirazçılar ABŞ Kapitoli binasının ətrafında sərt təhlükəsizlik tədbirləri şəraitində nümayiş keçirdilər.

Netanyahu nitqində həm ABŞ prezidenti Co Baydenə, həm də sabiq prezident və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa İsrail adından göstərdikləri səylərə görə təşəkkür edib. İsrail liderinin səfəri müddətində Bayden və Trampla, o cümlədən bazar günü Baydenin noyabr seçkilərində iştirak etməyəcəyini bildirməsindən sonra Demokratlar Partiyasının ehtimal edilən prezidentliyə namizədi kimi önə çıxan Kamala Harrislə görüşəcəyi gözlənilir.

Adətən bu cür tədbirlərdə toplantıya sədrlik etməli olan vitse-prezident Harris İsrail Baş nazirinin çıxışını qaçırıb. Respublikaçılar Partiyasının vitse-prezidentiliyə namizədi J.D. Vans da Konqresin birgə iclasında olmayıb. Hər ikisinin daha öncə planlaşdırılmış təşviqat tədbirlərində olduqları bildirilir.