Netanyahunun Vaşinqton səfərindən gözləntilər

Your browser doesn’t support HTML5

Bazar ertəsi Xan Yunisdə İsrailinin hava zərbələri onlarla insanın həyatına son qoyub. Yüzlərlə insan təxliyə xəbərdarlığından sonra ərazidən qaçıb. Benyamin Netanyahu ölkəsini belə bir siyasi mənzərədə tərk edib. ABŞ-da isə siyasi mənzərə digər səbəbə görə gərginləşib. Bazar günü Prezident Co Bayden noyabr seçkilərində iştirak etməyəcəyini elan etdi.

Benyamin Netanyahu, İsrail Baş naziri: “Mən İsrail üçün əhəmiyyətli olan ikipartiyalı dəstək üçün müraciət edəcəm və mən hər iki tərəfdəki dostlarıma Amerika xalqının kimi prezident seçməsindən asılı olmayaraq, İsrailin ABŞ-ın Yaxın Şərqdə əvəzsiz və güclü tərəfdaşı olduğunu deyəcəm.”

Bu, İsrail liderinin ictimai şəkildə dediyidir.

Amma təhlilçilər deyir ki, vitse-prezident Kamala Harris və sabiq prezident Donald Tramp arasında potensial seçkidə Netanyahu Respublikaçıya üstünlük verir.

Conatan Rinhold, Bar-İlan Universiteti: “Respublikaçılar İsrailin təhlükəsizlik gündəliyinə daha çox dəstək verir. İsraildə iqtidarda kimin olması fərq etmir. Amma ikinci məsələ odur ki, onlar İsrailin ifrat sağ hökuməti və onun fələstinlilərlə bağlı siyasətinə daha məqbul yanaşırlar.”

Bildirilir ki, Netanyahu Donald Trampla görüş istəyib. Sabiq prezident prezidentlik dönəmində əhəmiyyətli israilpərəst siyasət icra edib.

Tramp İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bahreynlə münasibətlərin normallaşması məqsədi daşıyan İbrahim Sazişlərinə vasitəçilik edib.

O, ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürüb və İsrailin Qolan Yükləsliklərinin ilhaqını tanıyıb.

Aron Deyvid Miller, Karneqi Sülh Fondu: “Kamala qalib gəlsə o, ABŞ-İsrail mübasibətlərinin dəstəklənməsində meynstrim mövqeni davam etdirən bir insan olacaq. Bununla bərabər o, ən azından ritorikada İsrailin məskunlaşma fəaliyyətinə qarşı daha sərt və fələstinlilərin əziyyəti, fələstinlilərin haqları məsələsinə rəğbətcil olacaq.”

Bütövlükdə Netanyahunun Vaşinqtonda əsas məqsədi növbəti Amerika administrasiya ilə ilkin işin aparılması və İsrail parlamentinin təxminən üç aylıq fasiləsi müddətində özünün həssas koalisiyasının məqsədlərini irəli aparmaqdır.

Nimrod Qoren, Yaxın Şərq İnstitutu: “Bu addım Netanyahuya koalisiyanın dağılmasına təkan verməyəcək düşünülmüş siyasi zamanlama da ola bilər. Çünki parlament qayıdana qədər belə şey baş verə bilməz.”

Bu müddət ərzində Netanyahu potensial olaraq koalisiyanın ifrat-sağ hissəsinə qarşı gedərək, doqquz ay müharibədən sonra HƏMAS-la atəşkəs sazişi əldə edə bilər.

ABŞ Dövlət katibi Antoni Blinken deyir ki, tərəflər sazişin əldə olunmasına yaxındır: “Mən inanıram ki, girovların azad edilməsi, sülh və sabitliyin təmin edilməsinə aparacaq sazişin əldə edilməsi məqsədindən 10 yard aralıdayıq. ”

Amma təhlilçilərin əksəriyyəti sazişin bir fazadan daha uzağa gedəci ilə bağlı nikbin deyillər. İlkin faza HƏMAS-ın saxladığı bəzi girovların azad edilməsi müqabilində altı həftəlik atəşkəsi nəzərdə tutur.