Çin Fələstinli rəqib qruplar - HƏMAS və Fatah arasında razılaşma əldə olunduğunu elan edib

Mahmud əl-Aloul - Fələstin təşkilatı və siyasi partiyası - Fatah Mərkəzi Komitəsinin sədri, Çinin xarici işlər naziri Vanq Yi və HƏMAS-ın yüksək rütbəli üzvü Mussa Əbu Mərzuk. Pekin, 23 iyul 2024-cü il.

Çinin dövlət mediası çərşənbə axşamı Fələstinin rəqib fraksiyaları olan Fatah və HƏMAS-ın illərlə davam edən ixtilaflara son qoymaq və milli birlik hökuməti yaratmaq üçün birləşmək məqsədilə bəyannamə imzaladığını açıqlayıb.

Çinin CGTN televiziyası sosial mediada yaydığı açıqlamada sazişin Pekində xarici işlər naziri Vanq Yinin nəzarəti altında keçirilən iki günlük forumdan sonra imzalandığını bildirib. Danışıqlara iki əsas rəqiblə birlikdə daha 12 fələstinli kiçik fraksiyalar daxil edilib. Çinin dövlət televiziyası CCTV sazişlə bağlı əlavə məlumat verməyib.

Pekində keçirilən danışıqlarda məqsəd İsrail və HƏMAS arasında Qəzzada doqquz aydır davam edən müharibəyə son qoyacaq atəşkəs əldə edildikdən sonra müharibədən sonrakı Qəzza üçün mümkün yol xəritəsinin yaradılması olub.

İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsi oktyabrın 7-də HƏMAS militantlarının İsrailin cənubuna hücum edərək, 1200 nəfəri öldürməsi və 250-yə yaxın girov götürməsindən sonra başlayıb.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hücumu indiyədək təxminən 38 000 adamı öldümünə, 88,800-dən çox insan yaralanmasına səbəb olub.

Fatah və HƏMAS arasında on illərdir İsrailə qarşı mövqeləri ilə bağlı fikir ayrılıqları mövcuddur. İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən və İsraillə müvəqqəti sülh sazişi imzalayan Fatah Fələstin Muxtariyyətində üstünlük təşkil edir, HƏMAS isə yəhudi dövlətini rəsmən tanımır.

Son 17 ildə Misir və digər ərəb ölkələri HƏMAS və Fstahı barışdırmaq üçün səylər göstərib. Pekində əldə olunan razılaşmanın indi bölgədə mövcud reallıqlarla qarşısında dayana bilib-bilməyəcəyi sual altndadır.

2007-ci ildə HƏMAS döyüşçülərinin Fatah qüvvələrini Qəzzadan çıxarıb sahilyanı anklavda nəzarəti ələ keçirməsindən sonra tərəflər arasında kəskin ayrılma mövcud idi.

Saziş həmçinin Səudiyyə Ərəbistanı və İran arasında sülh sazişinin imzalanmasından sonra Çinin Yaxın Şərqdə artan təsirini təmsil edir.