Co Baydenin Kamala Harrisi Demokratlardan prezidentliyə namizəd kimi dəstəkləməsi ilə o, əsas partiyadan prezidentliyə ilk qaradərili qadın və Cənubi Asiya əsilli ilk namizəd ola bilər.
Harris üç ildən çox müddət ərzində ölkənin ikinci rəhbər vəzifəsində çalışıb, lakin Baydenin bazar günü 2024-cü il prezidentlik yarışından geri çəkilməsindən sonra o, namizədliyə əsas iddiaçı oldu.
O, vitse-prezident kimi mühüm vəzifələri öz üzərinə götürsə də, eyni zamanda, siyasi qələbələr əldə etmək və seçicilərlə əlaqə yaratmaqda çətinlik çəkib.
Harris 2020-ci ildə vitse-prezident vəzifəsində ilk qadın olmaqla yanaşı, bu vəzifəni tutan ilk qaradərili və ilk Asiya mənşəli qadın olmaqla tarix yazdı.
O, Demokrat Partiyasının mantiyasını gələcəyə daşıya biləcəyi və Demokratların növbəti namizədi ola biləcəyi ilə bağlı gözləntilər fonunda vəzifəyə başladı.
Harris tez bir zamanda vitse-prezident kimi yüksək səviyyədə siyasi tapşırıqları yerinə yetirsə də, bunlar çox vaxt onun böyük uğur əldə edə bilməsi üçün çox çətin olan mürəkkəb məsələlər idi.
Onun ilk tapşırıqlarından biri Honduras, Salvador və Qvatemalada şəraiti yaxşılaşdırmaq üçün çalışaraq, ABŞ-ın cənub sərhədində miqrasiyanın əsas səbəblərini həll etmək idi.
Bu vəzifə onu siyasi yüklü immiqrasiya məsələsinin diqqət mərkəzinə çəkdi. 2021-ci ildə NBC News kanalına verdiyi müsahibədə Mərkəzi Amerikada səfər edərkən ABŞ-Meksika sərhəddində olmadığı dəfələrlə soruşulduqda, Harris geniş tənqid olunan cavab verərək bildirmişdi: “Mən Avropaya da getməmişəm. Yəni, nə demək istədiyinizi bilmirəm.”
Harrisin ofisinin işçiləri vitse-prezidentə sərhəd təhlükəsizliyini təmin etmək deyil, miqrasiyanın əsas səbəblərini araşdırmaq kimi xüsusi tapşırıq verildiyini bildirsələr də,Harrisin Mərkəzi Amerikaya səfəri zamanı potensial miqrantlara verdiyi mesaj onu bu məsələ ilə əlaqələndirməyə kömək etdi.
“Gəlməyin. Siz geri qaytarılacaqsınız,” o, Qvatemalanın o zaman prezidenti Alexandro Giammattei ilə keçirdiyi mətbuat konfransında demişdi.
Harris eyni zamanda Bayden administrasiyasının bərabər bölünmüş Senatda qəbul edilmək şansı az olan səsvermə hüququna və hərtərəfli seçki islahatına dair qanun layihələrini qəbul etmək səylərinə nəzarət etmək vəzifəsini öz üzərinə götürdü. Qanunvericilik 2022-ci ilin yanvarında Baydenin onun qəbul edilməsi üçün son səy göstərərək, Corciya ştatının Atlanta şəhərində nitq söyləməsinə baxmayaraq uğursuz oldu.
Harrisin tərəfdarları onun son vaxtlar aborta çıxış imkanı və silah təhlükəsizliyi kimi məsələlərdə irəliləyiş əldə etdiyini bildirir.
Ali Məhkəmə 2022-ci ilin iyun ayında abort hüquqlarının federal səviyyədə müdafiəsini ləğv etməsindən sonra Harris aborta çıxış imkanı məsələsini nitqləri və kampaniya mesajlarının əsas hissəsinə çevirdi.
Baydenin yaşı ilə əlaqədar olaraq Harrisin Ağ Evdə mövqeyi daha çox əhəmiyyət kəsb etməyə başladı. Noyabrda prezidentin 82 yaşı olacaq və sorğular amerikalıların əksəriyyətinin onun daha bir müddət vəzifədə olması üçün çox yaşlı olduğunu düşündüyünü göstərir.
İyunun 27-də prezidentliyə namizədlərin debatları zamanı çətinlik çəkməsindən sonra bəzi Demokrat qanunvericilər və donorlar Baydeni yarışdan çıxmağa çağırıblar. Bir aydan az bir müddət sonra o, yarışdan çıxdığını elan edəndə Harrisi dəstəklədiyini bildirdi.
Harris açıqladığı mesajında “niyyətinin bu namizədliyi almaq və qazanmaq olduğunu” bildirib.
Baydenin prezidentlik yarışından çəkilməsindən öncə Harris onu şiddətlə müdafiə edib.
“Prezidentimiz Co Bayden haqqında bildiyimiz bir şey onun mübariz olmasıdır. ...“Yıxılanda ayağa qalxırsan” deyən ilk şəxs odur,” Harris Şimali Karolinada iyul ayında keçirilən kampaniya tədbirində tərəfdarlarına deyib.
Harris vitse-prezidentliyi dövründə rəy sorğularında aşağı reytinqlərə malik idi.
2023-cü ilin iyununda NBC kanalının keçirdiyi sorğu onun mənfi reytinqinin (-17) 1989-cu ildə sorğu başlayandan bəri vitse-prezident üçün ən aşağı reytinq olduğunu göstərib.
İyun ayında Pew Araşdırma Mərkəzinin ilk prezidentlik debatından bir qədər əvvəl apardığı sorğunun nəticələri təxminən 10 nəfərdən altısının (59 faiz) Harris haqqında mənfi fikirdə olduğunu, sorğu iştirakçılarının 36 faizinin isə ona müsbət münasibət bəslədiyini göstərib. Respondetlərin digər 3 faizi isə onun haqqında eşitmədiklərini bildirib.
Prezidentlik debatında çıxışı Baydenin yenidən seçilmək qabiliyyəti ilə bağlı suallar doğurduqdan sonra Demokratlar Baydenin potensial varisi kimi Harrisin ətrafında birləşdilər.
Harris vitse-prezident olana qədər artıq bir neçə siyasi uğur qazanıb.
Atası yamaykalı və anası isə hindli olan Harris Kaliforniyanın ilk qaradərili baş prokuroru, həm də bu vəzifəni tutan ilk qadın idi.
2016-cı ildə Kaliforniyadan ABŞ Senatına seçilməklə o, Senatda təmsil olunan ilk Cənubi Asiya əsilli qadın oldu.
Senatda səlahiyyət müddətinin ikinci ilindən sonra o, 2020-ci ildə Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürdü.
2019-cu ildə Kaliforniya ştatının Okland şəhərində 20,000 nəfərin iştirak etdiyi mitinq keçirərək, güclü starta baxmayaraq, rəy sorğularında onun reytinqi durmadan azalmağa başladı. Dekabrda o, yarışlardan çıxdığını açıqladı.
Bayden 2020-ci ilin martında vitse-prezidentliyə namizəd vəzifəsinə qadın seçəcəyini elan edəndə Harrisin adı həmişə ən yaxşı namizədlər arasında idi.