ABŞ prezidenti Co Bayden bazar günü noyabr ayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini elan edərək, vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının prezidentliyə namizədi kimi dəstəklədi.
Həftələr ərzində zehni vəziyyəti ilə bağlı suallara müqavimət göstərən və prezidentlik yarışından çəkilməyəcəyini deyən prezident Co Bayden noyabr seçkilərində namizəd olmayacağını elan etdi.
“Sizin prezidentiniz kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfi olub.”, Baydenin bazar günü yaydığı bəyatında deyilir.
Bayden seçkidə iştirak etmək onun niyyəti olduğunu, amma namizədlikdən çəkilərək geri qalan müddətdə ABŞ prezidenti vəzifəsinə fokuslanmağı Demokrat Partiyasının və ölkəsinin marağında olduğuna inandığını bildirib.
Bayden “qeyri-adi tərəfdaş” olduğu üçün vitse-prezident Kamala Harrisə təşəkkür etdi.
Başqa bir sosial media paylaşımında Bayden partiyanın namizədliyi üçün Harrisə dəstək verdiyini elan etdi.
İleyn Kamark, Brukinqs İnstitutu: “Siyasi cəhətdən bunun mənası böyükdür. Həmin deleqatlar Baydeni dəstəkləyir deyə, mütləq onu dinləyəcəklər. Amma o, avtomatik olaraq öz deleqatlarını Harrisə və ya digər namizədə ötürə bilməz.”
Gələn ay İllinoy ştatının Çikaqo şəhərində keçiriləcək Demokratların Milli Qurultayında iştirak edəcək 3896 deleqatın demək olarkı hamısı səslərini Baydenə vəd edib. Amma qurultayın qaydalarında görə, bu, dəyişə bilər.
Baydenə “estafeti ötürmək” çağırışları Demokrat qanunvericilərin qoşulması ilə son günlər daha da güclənmişdi.
AP-NORC sorğusuna əsasən Demokratların 58 faizi vitse-prezident Harrisin yaxşı prezident olacağını düşünür. Amerikalılar arasında belə düşününlər 30 faizdir.
Əgər demokratlar Harrisin prezidentliyə namizəd olması qərarı versələr, onlar onun seçki tərəfdaşlığı məsələsində də razılığa gəlməlidirlər.
Bayden qərarı haqda Amerika ictimaiyyətinə tezliklə müraciət edəcəyini bildirdi.
Respublikaçılar Partiyası tərəfindən rəsmi olaraq prezidentliyə namizədliyi irəli sürülmüş Donald Tramp məsələyə reaksiya verib: “Saxtakar Co Bayden namizəd olmağa, xüsusən də prezident olmağa yararlı deyil.”