Prezident Co Bayden bazar günü 2024-cü il Ağ Ev uğrunda yarışdan çıxaraq, seçkiyə cəmi dörd ay qalmış rəqibi Donald Trampla vəzifəyə uyğunluğu ilə bağlı suallar doğuran debatdan sonra yenidən seçilmək üçün namizədliyini dayandırdığını açıqlayıb.
Bayden X sosial media platformasında yazdığı şərhində noyabrda keçiriləcək prezidentlik yarışından geri çəkiləcəyini bildirib.
"Sizin prezidentiniz olaraq xidmət etmək həyatımın ən böyük şərəfi olub. Mənim məramım seçkilərdə yenidən iştirak etmək olsa da, inanıram ki, mənim patiyamın və vətənin maraqlarındadır ki, mən çəkilim və diqqətimi yalnız dönəmimin yerdə qalan müddətində prezident vəzifəsini yerinə yetirməyə cəmləşdirim," Bayden açıqlamasında bildirib.
Son üç il yarım ərzində administrasiyasının nailiyyətlərini sadalayan Bayden Amerikanın dünyada “ən qüdrətli iqtisadiyyata” malik olduğunu bildirib.
“Birlikdə biz əsrdə bir dəfə baş verən pandemiyanın və Böyük Depressiyadan bəri ən ağır iqtisadi böhranın öhdəsindən gəlmişik," Bayden bəyan edib. "Biz demokratiyanı qoruyub saxlamışıq. Və biz dünya boyu alyanslarımızı canlandırmışıq və gücləndirmişik."
Bayden əlavə edib ki, o, həftə ərzində xalqa müraciət edəcək.
Qərar Baydenin Demokrat müttəfiqlərinin 81 yaşlı prezidentin iyunun 27-də uğursuz cavablar verdiyi və keçmiş prezidentin çoxsaylı yalanlarını ifşa edə bilmədiyi debatından sonra kənara çəkilmək üçün artan təzyiqlərindən sonra verilir.
Baydenin hərdən çaşqın və zəif görüntüləri onun fiziki və mental səhhəti haqda suallara yol açmışdı.
ABŞ prezidenti 2025-ci il yanvarın 20-də günorta saatlarında başa çatacaq səlahiyyət müddətinin qalan hissəsini tamamlamağı planlaşdırır.
Təxminən 30 dəqiqə sonra Bayden Demokratların Çikaqoda avqust ayında keçiriləcək qurultayında partiyadan favorit olan vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.
“Bu gün mən Kamalanın bu il partiyamızın namizədi olmasına tam dəstəyimi və razılığımı bildirmək istəyirəm. Demokratlar, bir araya gəlib Trampı məğlub etməyin vaxtıdır,” o, X səhifəsində başqa bir yazıda bildirib.
Bayden bu qərarı keçən həftə COVID-19 diaqnozundan sonra Delaverdə özünü təcrid etdiyi vaxt siyasi gələcəyini yaxınları və ailə üzvlərinin kiçik bir dairəsi ilə müzakirə edərkən verib. Bayden qərarının təfərrüatları və səbəblərini açıqlamaq üçün bu həftənin sonunda xalqa müraciət edəcəyini deyib.
Ağ Ev məktubun həqiqiliyini təsdiqləyib.
Baydenin seçki kampaniyası ilə bağlı qərarını açıqlaması Ağ Ev uğrunda mübarizədə hər iki siyasi partiyanın müasir tarixdə ən vacib seçki kimi qiymətləndirdiyi yarışda növbəti sarsıntılı addımdır və Trampa qarşı Pensilvaniyada seçki təşviqat tədbiri zamanı sui-qəsd cəhdindən bir neçə gün sonraya təsadüf edir.
Heç bir partiyanın prezidentliyə potensial namizədi seçkiyə bu qədər yaxın yarışdan geri çəkilməyib. Buna ən yaxın paralel Vyetnam müharibəsi zamanı 1968-ci ilin martında başqa bir müddətə namizəd olmayacağını elan edən prezident Lindon Conson ola bilər.
Demokratlar indi təcili olaraq həftələr ərzində namizədliyin irəli sürülməsi prosesində ardıcıllığı təmin etməyə çalışmalı və seçiciləri çox qısa müddət ərzində öz namizədlərinin Trampı məğlub etmək işinin öhdəsindən gələ biləcəyinə inandırmalı olacaqlar. Tramp isə öz növbəsində illərlə Baydenə fokuslandıqdan sonra diqqətini yeni rəqibə yönəltməlidir.
Qərar donorlar, qanunvericilər və hətta köməkçilərinin ona seçiciləri daha dörd il ərzində bu işi yaxşı bacara biləcəyinə inandıra biləcəyinə şübhələrini ifadə etdiyi vaxt Baydenin 52 illik seçkili siyasi karyerasının sürətli və heyrətamiz sonunu göstərir.
59 yaşlı Harris federal kampaniya maliyyə qaydalarına uyğun olaraq Baydenin kampaniyasının maliyyəsindən birbaşa istifadə edə bilən yeganə namizəd olduğu üçün təbii varis kimi görünürdü.
Baydenin dəstəyi Harrisə yol açılmasına kömək edir, lakin “hamar” keçid heç bir halda təmin olunmur.
Demokratlar Partiyasının milli qurultayının avqustun 19-22 tarixlərində Çikaqoda keçirilməsi planlaşdırılır, lakin partiya şəxsən iştirakla keçən prosesə başlamazdan əvvəl Baydenin rəsmi namizədliyini irəli sürmək üçün virtual səsvermə keçirəcəyini açıqlayıb.
Harrisin namizədliyinə digər namizədlərin etiraz edib-etməyəcəyini və ya Harrisin namizədliyinin təmin edilməsi üçün partiyanın öz qaydalarını yenidən tənzimləməsinə necə ehtiyac olacağı məlum deyil.
Baydenin yarışdan çəkilməsi səylərinin arxasında olanlar da daxil olmaqla, Demokrat partiyasının rəsmiləri Baydenin qərarını tərifləyən bəyanatlar veriblər.