İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə Yasamal Rayon Məhkəməsinin katibinin 2 il əvvəl Hacıyev və zərərçəkmiş kimi tanınan Ülviyyə Muradova (Alovlu) arasında münaqişə haqqında ifadəsini dinlənib.
Abdullayev məhkəmədə bildirib ki, Hacıyev və Muradova qarşılıqlı olaraq bir-birini təhqir ediblər və Hacıyev "bir neçə dəfə" onu vurub.
Bəxtiyar Hacıyev isə şahiddən niyə Yasamal Rayon Polis İdarəsində tədqiqat zamanı bunu demədiyini, bir il sonra Bakı şəhər Baş Polis İdarəsində bu haqda danışdığını soruşub. Hacıyev şahidin ifadələrinin məhkəmənin digər əməkdaşı, zərərçəkmiş kimi tanınmış Orxan Abdullayevin ifadələri ilə eyni olmasına diqqət çəkib. Fəal bildirib ki, hər iki şəxsin ifadələrinin 80%-i üst-üstə düşür. O, şahidi yalan danışmaqda ittiham edib.
Bugünkü məhkəmədə mülki iddiaçı, Vergilər Nazirliyinin nümayəndəsi də ifadə verib. O, Bəxtiyar Hacıyevin sadələşdirilmiş sistem üzrə vergiləri və subicarə üçün 52 min manatlıq vəsaiti ödəmədiyini bildirib. Mülki iddiaçı qeyd edib ki, maliyyə sənədləri olmadığına görə vergilər bənzər şirkətin fəaliyyəti əsasında hesablanıb.
Hacıyev isə bütün sənədləri təqdim etməyə hazır olduğunu bildirib və vergilərin yenidən hesablanmasını tələb edib. Hakim bu məsələyə nümayəndənin təmsil etdiyi Vergilər Departamentinin rəhbərliyinin cavab verə biləcəyini deyib.
Fəal prosesdə 15 şahidin ifadə vermədiyini bildirib. O, məhkəmə prosesini sürətləndirmək üçün onların ibtidai istintaq zamanı verdikləri ifadələri oxumağı təklif edib. Məsələ ilə bağlı hakim bildirib ki, şahidlərə bir daha çağırış göndəriləcək və onlar gəlməsə, dövlət ittihamçısının razılığı ilə şahidlərin hazırlıq iclasında verdikləri ifadələrin oxunması barədə qərar qəbul edilə bilər.
Növbəti məhkəmə prosesi iyulun 26-a təyin edilib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.