Donald Tramp qurultaydakı nitqində Respublikaçılar partiyasının prezidentliyə namizədliyini qəbul etdi

Donald Tramp Respublikaçıların Milli Qurultayında çıxış edir. Miluoki, Viskonsin, ABŞ. 18 iyul, 2024.

Sabiq prezident Donald Tramp Respublikaçıların Milli Qurultayında ikinci dönəm prezidentliyə planları haqda geniş nitq söyləyib. Öz çıxışında Tramp ərzaq malları və yanacaq qiymətlərini ucuzlaşdırmağa, iş yerlərini çoxaltmağa və sərhədləri möhkəmləndirməyə söz verib.

Respublikaçı namizəd Birləşmiş Ştatların “səriştəsiz rəhbərliyə” malik olduğunu, inflyasiyanın insanların dolanışğına ağır təsir göstəridiyni bildirmiş və Baydenin sərhəd siyasətini tənqid etmişdir.

Respublikaçılar Milli Qurultayının yenilənmiş platforması Trampın bir çox məsələlərdə baxışlarını əks etdirdiyi bir vaxtda sabiq prezident partiyanın mahiyyətini formalaşdırmaqda davam edir.

Tramp bəyan edib ki, əgər seçicilər Konqresə nəzarəti Respublikaçılara bəxş etsələr, onda qəti addımlarla vədləri yerinə yetirəcəklər.

Qiymətləri endirmək üçün Tramp enerji daşıyıcılarının qiymətlərini ucuzlaşdıracağını və bunun öz növbəsində nəqliyyat, istehsal, və əmtəə mallarının qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracağını qeyd edib.

Tramp həmçinin bildirib ki, Meksika və Çin kimi ölkələrdə avtomobil zavodlarının tikintisinin qarşısnı almaq, vergi və tarif siyasətini yenidən nəzərdən keçirməklə Amerikada iş yerlərini artıracaq.

"Onlar üçün Amerikada mal satmağlın yolu onu yalnız və yalnız Amerikada istehsal etməkdən keçir," Tramp bildirib.

Respublikaçı namizəd mövcud administrasiyanın sərhəd siyasətini tənqid edərək hakimiyyətinin “birinci günündə” sərhədi qeyri-qanuni mühacirlərə bağlayacağını və ABŞ-ın Meksika ilə sərhədində divar inşa edəcəyini bildirib.

O, həmçinin öz platformasına uyğun olaraq ölkə tarixində ən iri deportasiya əməliyyatına start veriləcəyini bildirir.

Demokratlar partiyasının qurultayı 19-22 avqustda Çikaqo şəhərində keçiriləcək.

Partiyanın ehtimal olunan namizədi Co Bayden öz prezidentliyi dönəmində iqtisadi artımı, işsizliyin azalmasını və səhm bazarının yüksəlməsini əsas gətirib, Donald Trampı Amerika demokratiyasına hədə kimi qiymətləndirib.

Seçki kampaniyasının kritik məqamında COVID-ə yoluxmuş Bayden bu aralarda artan sayda Demokratlar tərəfindən sabiq prezident Donald Trampa qarşı yarışı tərk etməyə çağırılırl.

Ötən günlərdə, partiya xadimləri, o cümlədən Nümayəndələr Palatasında azlığın lideri Hakim Ceffris, Senatdakı çoxluğun lideri Çak Şumer prezidentə deyiblər ki, onun noyabrda keçiriləcək seçkiləri udmaq şansı azalır və mümkün məğlubiyyət partiyanın Konqresin hər iki palatasına nəzarəti ələ keçirmək cəhdlərini puç edə bilər.

Lakin 81 yaşlı namizəd seçkidən çıxacağna dair aydın işarə verməyib.

“Mən göstərmişəm ki, bu ölkə üçün işlər görə bilirəm, hərçənd ki, insanlara deyirdilər ki, biz bunu edə bilmərik,” o, BET News telekanalına müsahibəsində bildirib. “Ancaq görülməli daha çox iş var və mən bundan geri addımlamağa tərəddüd edirəm.”

Demokratların Milli Komitəsi 19 avqustda başlayacaq qurultaydan öncə Baydenin nominasiyasını təsdiqləmək qərarını yubadıb, çünki Demokratlar deyirlər ki, prezidentin yaşı ilə bağlı narahatlıqları müzakirə etmək üçün əlavə vaxta ehtiyac var.