Seçki kampaniyasının kritik məqamında COVID-ə yoluxmuş ABŞ Prezidenti Co Bayden fiziki və siyasi təcridlə üzləşir. Belə ki, artan sayda Demokratlar onu sabiq prezident Donald Trampa qarşı yarışı tərk etməyə çağırırlar.
Ötən günlərdə, partiya xadimləri, o cümlədən Nümayəndələr Palatasında azlığın lideri Hakim Ceffris, Senatdakı çoxluğun lideri Çak Şumer prezidentə deyiblər ki, onun noyabrda keçiriləcək seçkiləri udmaq şansı azalır və mümkün məğlubiyyət partiyanın Konqresin hər iki palatasına nəzarəti ələ keçirmək cəhdlərini puç edə bilər.
Baydenin vitse-prezidenti olduğu sabiq prezident Barak Obama da deyilənə görə siyasi müttəfiqlərə bildirib ki, Baydenin qələbə imkanları daralır.
Bu həftənin əvvəlində Kaliforniyadan olan konqresmen və Trampın sərt tənqidçisi Adam Şiff Baydeni seçki yarışını tərk etməyə çağırıb.
“İkinci Tramp prezidentliyi demokratiyamızın bünövrəsini sarsıdacaq və mənim prezidentin Donald Trampı məğlub edəcəyinə dair dərin narahatlıqlarım var,” Şiff açıqlamada deyib.
ABŞ xəbər agentlikləri bildirir ki, Bayden Demokrat partiyadaşların narahatlıqlarına qulaq asmaqdadır.
Lakin 81 yaşlı namizəd seçkidən çıxacağna dair aydın işarə verməyib.
“Mən göstərmişəm ki, bu ölkə üçün işlər görə bilirəm, hərçənd ki, insanlara deyirdilər ki, biz bunu edə bilmərik,” o, BET News telekanalına müsahibəsində bildirib. “Ancaq görülməli daha çox iş var və mən bundan geri addımlamağa tərəddüd edirəm.”
Demokratların Milli Komitəsi 19 avqustda başlayacaq qurultaydan öncə Baydenin nominasiyasını təsdiqləmək qərarını yubadıb, çünki Demokratlar deyirlər ki, prezidentin yaşı ilə bağlı narahatlıqları müzakirə etmək üçün əlavə vaxta ehtiyac var.