Amerikalı jurnalist Evan Qerşkoviçin “saxta” məhkəməsində yekun arqumentlər dinləniləcək

Amerikalı jurnalist Evan Gershkoviç saxta məhkəmə kimi qəbul edilən ikinci dinləmə üçün cümə axşamı Rusiya məhkəməsinə aparılıb. Medianın Yekaterinburqdakı məhkəmə zalına girişinə icazə verilməyib. 32 yaşlı Gerşkoviç isə görünməyib.

Rusiya hakimiyyəti Gerşkoviçi keçən mart ayında casusluqda ittiham ilə həbs edib. ABŞ hökuməti və jurnalistin işlədiyi Wall Street Journal qəzeti ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edir.

Məhkəmədə yekun arqumentlər cümə günü dinləniləcək.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bu həftə Rusiyanın xarici işlər nazirinə deyib ki, Rusiya prezidenti Vladimir Putin Qerşkoviçi və digər həbsdə olan amerikalıları azad etməlidir.

Rusiya hakimiyyəti ondan çox ABŞ vətəndaşını dəmir barmaqlıqlar arxasında saxlayır. Onların arasında Gerşkoviçdən başqa, keçmiş dəniz piyadası Pol Uilan və Azad Avropa/Azadlıq Radiosunun jurnalisti Alsu Kurmaşeva da var.

ABŞ, Böyük Britaniya, İrlandiya və Kanada vətəndaşlığına malik olan Uilan 2018-ci ildə həbs edilib və daha sonra casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilib. Uilan ona qarşı irəli sürülən ittihamları rədd edir.

Kurmaşeva oktyabr ayında Kazanda yaşlı anasını ziyarət edərkən həbs edilib. Hakimiyyət onu əvvəlcə xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham edib, sonra isə onu Rusiya ordusu haqqında 15 ilə qədər həbs cəzası nəzərdə tutan “saxta” məlumatlar yaymaqda ittiham edib.