Avropa Siyasi Birliyinin Böyük Britaniyada bu gün keçirilən dördüncü sammitində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün görüşlə bağlı ziddiyyətli bəyanatlar səsləndirilib.
Rəsmi Bakı Ermənistanın, Yerevan isə Azərbaycanın görüşdən imtina etdiyini deyir.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report informasiya agentliyinə Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Britaniyada Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən imtina etdiyini bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Avropa Siyasi Birliyinin dördüncü sammitinə ev sahibliyi edən Böyük Britaniya fevral ayında Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş görüş formatında yeni görüşün keçirilməsini təklif edib.
Münhen Təhlükəsizlik Konfransında Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Hacıyevin sözlərinə görə, Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunub.
“Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk”, Hikmət Hacıyev bildirib.
Öz növbəsində, Ermənistanın Xarici İşlər Nazirliyi rəsmi Bakının Ermənistanın iki ölkə lideri arasında ikitərəfli görüş keçirilməsi ilə bağlı təklifini rədd etdiyini bildirib.
“Ermənistan tərəfi Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib. Ermənistan tərəfinin təklifi hələ də qüvvədədir,” Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib.
Sözçü əlavə edib ki, Ermənistan tərəfi ən yüksək səviyyədə danışıqların intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini də təkrarlayır.