Maltalı siyasətçi Roberta Metsola Avropa Parlamentin yeni çağırışının iyulun 16-da başlayan ilk sessiyasında yenidən prezident seçilib.
Çərşənbə axşamı Strasburqda keçirilən səsvermədə 699 səsdən 562-ni toplayan Metsola növbəti iki il yarım ərzində Parlamentə sədrlik edəcək.
Parlament tarixində iki dəfə seçilən yeganə qadın siyasətçi Roberta Metsola açılış nitqində birlik və inklüzivlik üzərində dayanaraq “hamı üçün əlçatan olan, hər kəsin özünü nəinki bir hissəsi hiss etdiyi, həm də ona sahib çıxdığı” Avropa üçün çalışacağını deyib.
"Cəmiyyətlərimizdəki qütbləşmə daha çox qarşıdurma siyasətinə, hətta siyasi zorakılığa gətirib çıxarıb”, Metsola qütbləşmə və bölücü siyasətlə mübarizəyə çağırıb.
Prezidentliyi dönəmində Ukraynaya dəstəklə bağlı qətiyyətli mövqeyi ilə seçilən Metsola Rusiyanın suveren Ukraynaya qarşı təcavüzkar müharibəsinin Parlamentin gündəminin başında durduğunu vurğulayıb.
“Mən Prezident Metsolanın Ukraynaya dəstəkdə şəxsi iştirakını, eləcə də insanları qorumaq və Avropa həyat tərzimizi dəstəkləmək üçün sarsılmaz əzmini çox yüksək qiymətləndirirəm”, Ukrayna prezidenti Volodimir Zelenksi Roberta Metsolaya ünvanlandığı təbrik mesajında qeyd edib.
“Ədalətli sülhün daha tez bərpası üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”, Zelenski əlavə edib.
2013-cü ildən Avropa Parlamentinin üzvü olan Roberta Metsola ilk dəfə 2022-ci ilin yanvarında prezident seçilib. O, Parlament tarixində üçüncü qadın prezidentdir.
Avropa Parlamenti üzvləri həmçinin cümə axşamı keçiriləcək gizli səsvermə ilə Ursula fon der Leyenin Avropa Komissiyasının prezidenti vəzifəsinə ikinci müddətə seçilməsinə qərar verəcəklər.