III Respublika Platforması: Seçkilər presedenti olmayan siyasi repressiya şəraitində keçirilir

III Respublika Platformasının 2023-cü ilin dekabrında keçirdiyi mətbuat konfransı. Təşkilatın həmtəsisçisi Akif Qurbanov hal-hazırda həbsdədir.

İyulun 17-də "III Respublika Platforması" 1 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərə dair mövqeyini bəyan edib.

Platforma Milli Məclisə növbədənkənar seçkiləri qeyri-legitim hesab etdiyini açıqlayıb. Bəyanatda qeyd edilir ki, Seçki Məcəlləsinin də daxil olduğu mövcud seçki qanunvericiliyi Milli Məclisə seçkilər daxil olmaqla istənilən seçkinin azad və ədalətli keçirilməsi üçün obyektiv hüquqi zəmin yaratmır.

"Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları siyasi tərəfsizlik prinsipi üzərində qurulmayıb və ölkədə olan siyasi aktorların paritet təmsilçiliyinə əsaslanmır. Buna uyğun olaraq hökumətin de fakto nəzarəti altında olan müvafiq seçki komissiyaları hətta mürtəce Seçki Məcəlləsindəki seçki hüquqlarını belə məhdudlaşdırıcı mənada tətbiq edir, bununla da sistemdənkənar siyasi qüvvələrin təmsilçilərini haqsız yerə ya seçki marafonundan kənarda saxlayırlar ya da təşviqat və səsvermə prosesində onlara qarşı seçkinin nəticələrinə təsir edən qatı ədalətsizliklərə yol verir, seçkinin nəticələrini hökumət və hökümətyönlü namizədlərin xeyrinə saxtalaşdırırlar", deyə bəyanatda qeyd olunub.

Platforma bəyan edir ki, seçkilər Azərbaycanda 2023-cü ilin noyabr ayından başlayan, presedenti olmayan siyasi repressiya şəraitində keçirilir və repressiya nəticəsində ölkə daxilində təşkilati zəmində hər hansı müstəqil fəaliyyət, o cümlədən seçki fəaliyyəti göstərmək imkanı, demək olar ki, aradan qalxıb:

Akif Qurbanov, "III Respublika Platforması"nın spikeri

"Tənqidçi medianı, real vətəndaş cəmiyyətini və prinsipial siyasi qüvvələri sıradan çıxarmağa hesablanan sonuncu siyasi repressiya "III Respublika Platforması"ndan da yan keçməyib. Nəticədə, təşkilatın yaranmasından cəmi bir neçə həftə sonra platformanın qurucu heyət üzvü Araz Əliyevin sutkalıq həbsi ilə başlayan təzyiqlər 2024-cü ilin mart ayında Platformanın spikeri Akif Qurbanov və Qurucu heyət üzvü Ruslan İzzətlinin əsassız və siyasi motivli cinayət işi çərçivəsində tutulması ilə davam edib. Eləcə də Platformanın ofisində aparılan axtarışdan sonra ofis möhürlənib və Platforma hazırda mənzil-qərargah olmadan fəaliyyət göstərməyə vadar olub. Eyni zamanda bütün qurucu üzvlər həbs riski altındadır".

Təşkilat vurğulayır ki, ökədə olan repressiv ab-hava seçki təşviqatının aparılmasını mümkünsüz edir.

"Seçki kampaniyası dövründə vazkeçilməz olan ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları ölkənin siyasi gerçəkliyindən çoxdan silinib. Ölkədə sərbəst toplaşma azadlığına de fakto total qadağa qoyulub. Yeni "Siyasi partiyalar haqqında" Qanun siyasi partiyaların mövcudluğunu hökumətdən asılı hala gətirib. Sistemdən kənar ictimai-siyasi təşkilatlanmalara qarşı yönələn repressiv tədbirlər bu təşkilatların bütün mümkün fəaliyyətini dondurub. Belə halda isə təbliğat prosesindən istifadə edərək seçiciləri inandırmaq imkanı aradan qalxır", deyə "III Respublika Platforması" əlavə edib.

Platformanın fikrincə, "III Respublika Platforması" total ədalətsizlik şəraitində həyata keçirilən bu seçki prosesində belə iştirak etmək imkanlarını bir daha yoxlayıb:

"Xüsusilə də Platformanın spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli seçkidə iştirak etməklə bağlı iradə nümayiş etdiriblər. Lakin onların çevrəsinə təzyiq o həddə çatıb ki, onlar səlahiyyətli nümayəndə belə təyin etmələri mümkünsüz olub. Bütün çətinliklərə baxmayaraq və normal seçki adına ən xırda fürsətlərin qalmadığı indiki şəraitdə belə "III Respublika Platforması" seçki vərdişlərinin qorunub saxlanılması, bunun sayəsində gələcəkdə ilkin olaraq seçkili demokratiya institunun bərpası naminə səsvermə günü vətəndaşların seçkidə iştirakını hər bir halda vacib sayır".

"III Respublika Platforması" vətəndaşları səsvermə günü YAP və hökumətin dəsti-xəttini açıq şəkildə dəstəkləyən, eyni zamanda hökumətin "peyk"i olduğu şübhə doğurmayan dırnaqarası müxalifət partiyaların namizədlərinin lehinə səs verməməyə, ayrı-ayrı seçki dairələrində səsvermə günü baş verən hüquq pozuntularını vətəndaş müşahidəçiliyi formatından istifadə etməklə işıqlandırmağa çağırış edib.

2024-cü il iyunun 21-də Azərbaycan Respublikasının Milli Məclisi özünün buraxılması və Parlamentə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də növbədənkənar seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində artıq 22 siyasi partiya öz namizədləri ilə iştirak edəcəyini bəyan edib.

Müsavat Partiyası 34 seçki dairəsindən, REAL Partiyası isə 13 seçki dairəsindən namizədlərinin adını açıqlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot qərarı qəbul edib.

Milli Məclisə ölkə üzrə 125 seçki dairəsindən deputatlar seçilir. Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi avqustun 2-də başa çatacaq.