Məhkəmə Senator Robert Menendezi təqsirli bildi

Senator Bob Menendez Manhattan federal məhkəmə binasını tərk edir 15 iyul, 2024. Nyu York, ABŞ.

Münsiflər heyəti ABŞ Senatoru Robert (Bob) Menendezi federal korrupsiya ilə bağlı bütün ittihamlar üzrə təqsirli bilib.

Nyu Cersini təmsil edən Demokrat senatora qarşı irəli sürülən 16 cinayət ittihamına rüşvət, maliyyə əməliyyatı fırıldağı, ədliyyə prosesini pozmaq, xarici agent kimi işləmək daxildir.

Hökm oxunarkən Menendez başını yırğalayıb. Münsiflər heyəti qərarı oxuduqdan sonra o, əllərini birləşdirərək sifətinin önündə tutub.

Menendez üç Nyu Cersi iş adamından qızıl və nağd pul rüşvət almağa və Misir hökumətinin agenti kimi fəaliyyət göstərməyə görə məhkum edilib.

Münsiflər heyəti bu qərara doqquz həftə davam edən məhkəmə prosesinin ardınca gəlib.

Dövlət ittihamçıları bu müddət ərzində Demokrat qanunvericinin öz vəzifəsindən müttəfiqlərini cinayət ittihamlarından qorumaq, dostlarını və xanımını varlandırmaq məqsədilə sui-istifadə etdiyini bildiriblər.

Törədilən cinayətlər arasında Misir xüsusi xidmət orqanları ilə görüşlər və həmin ölkəni milyonlarla dollar həcmində ABŞ hərbi yardımı ilə təmin etmək sadalanır.

Menendez məhkəmədə ifadə verməkdən boyun qaçırmış və Senat Xarici Əlaqələr Komitəsinin sədri qismində rəsmi fəaliyyətlə məşğul olduğunu israr etmişdir.

O, Nyu Cersidəki evində tapılan yüz minlərlə dollar nağd pulun qanuni yolla qazanıldığını və qızıl külçələrinin həyat yoldaşına məxsus olduğunda israr edib.

Menendezin xanımı Nadin də cinayət ittihamları ilə üzləşir, lakin onun məhkəməsi xərçəng üzrə döş əməliyyatından keçdiyinə görə müvəqqəti təxirə salınıb.

2022-ci ildə Menendezin öz yoldaşı ilə yaşadığı Nyu Cersi ştatının Englewood Cliffs şəhərindəki evində reyd zamanı FBI agentləri $150,000 dollar dəyərində qızıl külçələri və $480,000 dollar nağd pul aşkar etmişdilər ki, bunların bəziləri ayaqqabılardan və senatorun adı üzərində yazılmış pencəklərdən çıxıb.