Tramp JD Vansı vitse-prezidentliyə namizəd seçdi

Your browser doesn’t support HTML5

Aylar davam edən müzakirələr sona çatdı. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp partiyanın Milvoki şəhərində keçirilən Milli Qurultayının ilk günündə Ohayo ştatının yeni senatoru JD Vansı özünə vitse-prezidentliyə namizəd seçdiyini elan etdi.

Tramp Truth Social platformasında Vansın vitse-prezident olmağa ən uyğun şəxs hesab etdiyini bildirib.

Vansın siyasi mənsubiyyətinin mərkəzində Rust Belt ərazisi durur və onun populist ritorikası Trampın ağ işçi sinfinə verdiyi mesajlara uyğundur.

Coel Qoldsteyn, Vitse-prezident tarixçisi: “Prezident Trampın mövcud seçimlərindən biri olan senator Vans yəqin ki, Trampın MAGA stilinə və fəlsəfəsinə ən yaxın olan şəxsdir.”

Vitse-prezident tarixçisi Coel Qoldsteyn bu seçimi qeyri-adi adlandırır. Belə ki, adətən vitse-prezidentliyə namizədlər mövcud seçici bazasından kənardakı qrupları cəlb edə bilən şəxslər olur.

Coel Qoldsteyn, Vitse-prezident tarixçisi: “Fikrimcə prezident Tramp ümid edir ki, o, səs vermək fikrində olmayan, eyni zamanda senator Vansla oxşar tarixçəsi olan bəzi səçiciləri həvəsləndirəcək.”

Vans 2016-cı ildə “Kəndli elegiyası” adlı memuarı ilə tanındı. Bu kitab sənayenin və iqtisadiyyatın tənəzzüldə olduğu Vansın doğma Midltaun şəhərində yoxsulluqda böyüməsi haqdadır.

Vansın valideynləri o uşaq ikən boşanıblar və anası narkotik asılılıqdan əziyyət çəkdiyi üçün tərbiyəsi ilə daha çox baba və nənəsi məşğul olub.

Məktəbi bitirdikdən sonra dəniz piyadaları sırasına qoşulan Vans, daha sonra Ohayo Dövlət Universiteti və Yel Hüquq Məktəbindən məzun olub.

O, San-Fransiskoda Silikon Vadisində sahibkar Piter Tiel üçün vençur kapitalisti kimi çalışıb. Daha sonra Tiel Vans Senata namizədliyini irəli sürəndə onun təşviqatına 10 milyon dollar ianə edib.

Vans vaxtilə Trampın tənqidçisi olub və hətta sabiq prezidenti “Amerikanın Hitleri” adlandırıb. Amma sonrakı müddətdə Vans Trampın ən qatı dəstəkçisi oldu. Bununla bərabər o, vitse-prezidentiyə namizədlər arasında ən az təcrübəsi olan şəxsdir.

Coel Qoldsteyn, Vitse-prezident tarixçisi: “Fikrimcə diqqət prezidentlik varisliyinə yönələck. Həm prezidentliyə hər iki namizədin yaşına görə, həm də prezident Trampa qarşı sui-qəsd cəhdinə görə senator Vansın hansısa bir gün prezident olmağa hazırlığı haqda suallar ünvanlanacaq. Xüsusən də senator Vansın yüksək hökumət vəzifəsində təcrübəsinin kiçik olduğundan.”

Getdikcə daha da bölücü olan siyasi mühitdə Tramp ölkə üzrə birliyə çağırış edir. Vansın bu bölücü mühiti aradan qaldırmağa kömək edəcəyi, yoxsa daha da qızışdıracağı növbəti həftələr məlum olacaq.

Trampa sui-qəsd cəhdindən bir neçə saat sonra Vans bu hadisəyə görə Baydenin seçki kampaniyasının təqsirli olduğunu bildirmişdi.