Bayden Trampla bağlı “nişangah” ifadəsindən istifadəni səhv adlandırıb

ABŞ prezidenti Co Bayden tərəfdarlarına rəqibinin davranışına diqqəti cəkmək üçün Donald Trampla bağlı “nişangah” ifadəsini işlədərkən səhvə yol verdiyini bildirib, lakin Trampın mütəmadi olaraq qızışdırıcı ritorikadan istifadə etdiyini deyib.

“Bu sözdən istifadə etmək səhv idi,” Bayden NBC kanalının jurnalisti Lester Holta verdiyi müsahibədə bildirib.

Bayden deyib: “Mən ona diqqət yetirmək, onun gördüyü işlərə diqqət yetirmək istəyirdim”.

İyulun 8-də 81 yaşlı Bayden ən böyük donorlarından bəziləri ilə danışıb və seçki kampaniyasının diqqətini ondan və zəif debat performansındansa, 5 noyabr seçkilərində Respublikaçılar Partiyasından namizəd olmuş keçmiş prezident Trampa yönəltməli olduqlarını deyib.

“Mənim bir işim var və o, Donald Trampı məğlub etməkdir... Debat haqqında danışmağı bitirmişik. Trampı nişangah etmək vaxtıdır," o deyib.

Bəzi Respublikaçılar şənbə günü Pensilvaniyada keçirilən mitinqdə Trampa sui-qəsd cəhdinə səbəb olan mühit yaratmaqda Baydeni günahlandıraraq, bu şərhə diqqət yönəldiblər. Bayden dəfələrlə siyasi zorakılığı pisləyib.

Prezident iki həftədən çox siyasi gələcəyi ilə bağlı suallarla üzləşib. O, iyunun 27-də keçirilən debatda Trampa qarşı zəif çıxışından sonra Demokratların prezidentliyə namizədlikdən çəkilmək çağırışları ilə üzləşib.

O, müsahibəsində insanların yaşı ilə bağlı suallarının haqlı olduğunu etiraf etməklə yanaşı, yarışı tərk etməyəcəyini bir daha vurğulayıb. Bayden həmçinin Trampın Ohayo ştatından senator J.D. Vansı vitse-prezidentliyə namizəd seçməsinə də münasibət bildirib.

NBC jurnalisti Lester Holtun Vans seçiminin Trampın dəyərləri haqqında nə dediyi sualına Bayden belə cavab verib: “O, özünü onunla tamamilə razı olan insanlarla əhatə edəcək”. Bayden gülərək Vansın Tramp haqqında əvvəlki tənqidi şərhlərindən bəzilərini də qeyd edib.

Prezident Trampın yalanları, 2020-ci il seçkilərinin nəticələrini qəbul etməkdən imtina etməsini və 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdakı rolunu vurğulayaraq, diqqəti rəqibinə yönəltməyə çalışıb.

“Mən ilk gündə diktator olmaq istəyirəm deyən adam deyiləm. Mən seçkinin nəticəsini qəbul etməkdən imtina edən adam deyiləm,” Bayden bildirib.

O, keçmiş prezidentin 2024-cü il seçkilərində uduzacağı təqdirdə baş verə biləcək qanlı tökülməsinə dair şərhlərini və Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin əri Paulun evində çəkiclə hücuma məruz qalmasını lağa qoyduğunu qeyd edərək, Trampın qızışdırıcı ritorika ilə məşğul olduğunu deyib.

“Prezidentin dedikləri ilə demokratiya üçün real təhlükədən necə danışmaq olar? Siz sadəcə bir şey demirsiniz, çünki bu, kimisə təhrik edə bilər? Mən bu ritorika ilə məşğul olmamışam. İndi rəqibim bu ritorika ilə məşğuldur,” Bayden bildirib.

Yaşı ilə bağlı narahatlıqlara baxmayaraq, yenidən seçilməyə və daha dörd il müddətə ölkəni idarə etməyə uyğun olduğunu sübut etməyə çalışan Bayden milyonlarla insanın Demokrat Partiyasının namizədi olmasına səs verdiyini qeyd edib.

“Mən onları dinləyirəm,” prezident bildirib.