Bazar ertəsi Viskonsin ştatının Miluoki şəhərində Respublikaçıların Milli Qurultayı keçirilir.
Qurultayın məqsədi Donald Trampın prezidentliyə namizədliyini rəsmən irəli sürməkdir.
Bu, sui-qəsd cəhdindən az sonra baş verir. Hadisənin fonunda həm Tramp, həm də hazırkı prezident Co Bayden ölkəni milli birliyə və sakitliyə çağırıb.
Sabiq ABŞ prezidenti və hazıda Respublikaçıların prezidentliyə ehtimal olunan namizədi Donald Tramp öz sosial media platformasında J.D. Vansı vitse-prezidentliyə namizəd seçdiyini elan edib.
Bu barədə Donald Tramp Truth Social social meida platformasında yazıb.
"Uzun qərarlaşma və düşüncədən sonra, bir çoxlarının böyük qabiliyyətlərini nəzərdən keçirərək qərara gəlmişəm ki, Birləşmiş Ştatların Vitse-Prezidenti vəzifəsinə ən layiqli şəxs Böyük Ohayo Ştatını təmsil edən Senator J.D. Vansdır", Tramp yazıb.
Florida senatoru Marko Rubio və Şimali Dakota qubernatoru Duq Burqumu namizədlər arasında olub.
Məsələ ilə yaxından tanış olan iki nəfər Trampın keçən həftənin sonunda onların hər biri ilə görüşdüyünü bildirib.
“Bu, bütün ölkəni, hətta bütün dünyanı bir araya gətirmək şansıdır. Çıxış (qurultayda) iki gün əvvəlkindən tamamilə fərqli olacaq, çox fərqli olacaq”, Tramp “Washington Examiner”ə müsahibəsində bildirib.
Prezident Co Bayden bazar günü axşam xalqa müraciətində Resppublikaçlıarın ehtimal olunan prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdinə reaksiyasında amerikalıları birliyə çağırıb və siyasətdə zorakılığa yer olmadığını bəyan edib.
“Amerikada hər kəslə ləyaqət və hörmətlə davranılmalı, nifrətə yer olmamalıdır” - deyə, Bayden Birləşmiş Ştatların “xüsusi” olduğunu vurğulayıb.
O, amerikalıları dezinformasiyaya uymamağa, xarici qüvvələrin ölkədə bölücülük aparmasına imkan verməməyə çağıraraq, fikir müxtəlifliklərini debat və səsvermə yolu ilə həll etməyin vacibliyini vurğulayıb.
"
Amerikada bu cür zorakılığa yer yoxdur. Hər hansı bir zorakılığa. İstisnasız. Biz bu zorakılığın normallaşmasına yol verə bilmərik".