ABŞ-ın dörd prezidenti sui-qəsd qurbanı olub; başqaları və prezidentliyə namizədlər hədəf alınıb

Arxiv fotosu - Ağ Evin o zaman mətbuat katibi Ceyms Bredi Vaşinqtonda prezident Reyqana qarşı sui-qəsd cəhdi zamanı yaralandıqdan sonra yerdə (solda) uzanıb, 30 mart 1981-ci il.

Keçmiş prezident Donald Trampa qarşı şənbə günü sui-qəsd cəhdindən əvvəl də ABŞ prezidentləri, keçmiş prezidentlər və əsas partiyadan prezidentliyə namizədləri hədəf alan çoxsaylı siyasi zorakılıq hadisələri baş verib.

1776-cı ildə qurulduğu gündən bəri baş verən bəzi sui-qəsd və sui-qəsd cəhdləri hadisələri bunlardır:

Yağlı boya ilə çəkilmiş bu rəsmi ölümcül yaralanmış prezident Abraham Linkolnun Vaşinqtonda Ford Teatrından aparıldığı təsvir edilib, (ABŞ Konqres Kitabxanası)

Abraham Linkoln, 16-cı prezident

Linkoln 1865-ci il aprelin 14-də həyat yoldaşı Meri Todd Linkolnla birlikdə Vaşinqtondakı Ford Teatrında “Amerikalı qohumumuz” komediyasının xüsusi tamaşasında iştirak edərkən Con Uilks But tərəfindən güllələnərək öldürülən ilk prezident idi.

Başının arxasından güllə yarası alan Linkoln müalicə üçün teatrın qarşısındakı evə aparılıb. Ertəsi gün səhər o vəfat edib. Onun öldürülməsinin səbəbi kimi qaradərililərin hüquqlarını dəstəkləməsi göstərilir.

Sui-qəsdindən iki il əvvəl vətəndaş müharibəsi zamanı Linkoln Konfederasiya daxilində qullara azadlıq verən manifesti (Emancipation Proclamation) imzaladı.

Linkolnu vitse-prezident Endryu Conson əvəz etdi.

But Virciniya ştatında Boulinq Qrin yaxınlığında anbarda gizləndiyi aşkar edildikdən sonra 1865-ci ildə aprelin 26-da güllələnərək öldürüldü.

Ceyms Qarfild, 20-ci prezident

Qarfild öldürülən ikinci prezident idi. O, 1881-ci il iyulun 2-də qatara minmək üçün Vaşinqtonda dəmiryol stansiyasında olan vaxt Çarlz Gito tərəfindən vurulmuşdu.

Naməlum rəssam tərəfindən çəkilmiş tarixi qeyd edilməyən rəsmdə prezident Ceyms Garfildin 1881-ci il iyulun 2-də Vaşinqtonda dəmiryol vağzalında olarkən Çarlz Gito tərəfindən sol çiyni və kürəyindən yaralandığı an təsvir edilib (Nyu York İctimai Kitabxanası).

Telefon ixtiraçısı Aleksander Qraham Bell prezident üçün xüsusi olaraq hazırladığı cihazdan istifadə edərək, Qarfildin sinəsindəki gülləni yerini müəyyən etməyə çalışdı. Ölümcül şəkildə yaralanan prezident Ağ Evdə bir neçə həftə xəstə yatdı, lakin sentyabr ayında Nyu-Cersi sahilinə aparıldıqdan sonra öldü. O, altı ay vəzifədə idi.

Qarfildi vitse-prezident Çester Artur əvəz etdi.

Gito günahkar bilindi və 1882-ci ilin iyununda edam edildi.

Prezident Uilyam MakKinliyə qarşı 1901-ci ildə sentyabrın 6-da sui-qəsdi təsvir edən rəsm.

Uilliam MakKinli, 25-ci prezident

MakKinli 1901-ci ildə sentyabrın 6-da Nyu-York ştatında Baffaloda çıxış etdikdən sonra güllələnərək öldürüldü. O, insanlarla əl sıxışarkən bir nəfər yaxın məsafədən onun sinəsinə iki atəş açmışdı. Həkimlər MakKinlinin sağalacağını gözləyirdilər, lakin sonradan güllə yaralarının ətrafında qanqrena yarandı.

MakKinli ikinci müddətə vəzifəyə başladıqdan altı ay sonra 1901-ci ildə sentyabrın 14-də vəfat etdi.

Onu vitse-prezident Teodor Ruzvelt əvəz etdi.

28 yaşlı işsiz Detroit sakini Leon F. Çolqoş güllə açdığıını etiraf etdi. Çolqoş məhkəmədə günahkar bilindi və 1901-ci ildə oktyabrın 29-da elektrik stulunda edam edildi.

Franklin D. Ruzvelt, 32-ci prezident

Hadisənin baş verdiyi zaman prezident seçilmiş Ruzvelt Mayamidə açıq avtomobilin arxa oturacağında nitq söylədikdən sonra atəş səsləri eşidilmişdi.

Ruzvelt 1933-cü ilin fevralında Çikaqo meri Anton Cermakın ölümü ilə nəticələnən atışmada heç bir xəsarət almamışdı.

Cüzeppe Zangara atışmada təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.

Harri S. Truman, 33-cü prezident

Truman 1950-ci ilin noyabrında Ağ Evin qarşısındakı Bleyr House-da qaldığı zaman oraya iki silahlı şəxs daxil olmuşdu.

Truman xəsarət almadı, lakin Ağ Evin bir polisi və hücum edənlərdən biri atışma zamanı öldürüldü. Ağ Evin daha iki polisi hadisə nəticəsində yaralanmışdı.

Oskar Kallazo həbs olundu və ölüm cəzasına məhkum edildi. 1952-ci ildə Truman cəzanı ömürlük həbslə əvəz etdi. O, 1979-cu ildə prezident Cimmi Karter tərəfindən həbsdən azad edildi.

Arxiv fotosu - Prezident Con Kennedi Dallasda sui-qəsddən təxminən bir dəqiqə əvvəl kortejdə avtomobilində göstərilir, 22 noyabr, 1963.

Con Kennedi, 35-ci prezident

Kennedi 1963-cü ilin noyabrında birinci xanım Jaklin Kennedi ilə Dallasda olarkən tüfənglə silahlanmış gizlənən şəxs tərəfindən öldürüldü. Prezidentin korteji Dallas şəhərinin mərkəzindəki Dili Plazadan keçərkən atəş açılmışdı.

Kennedi təcili olaraq Parkland xəstəxanasına çatdırılmış və qısa müddətdən sonra orada ölmüşdü.

Onu Air Force One təyyarəsinin konfrans zalında and içən vitse-prezident Lindon B. Cohnson əvəz etdi. O, təyyarədə and içən yeganə prezidentdir.

Sui-qəsddən bir neçə saat sonra polis yaxınlıqdakı Texas məktəb dərslikləri saxlanan binada snayper mövqeyi aşkar etdikdən sonra Li Harvi Osvaldı həbs etdi.

İki gün sonra Osvald polis qərargahından dairə həbsxanasına aparıldığı zaman Dallas gecə klubunun sahibi Cek Rubi irəli atılaraq Osvaldı ölümcül güllələmişdi.

Arxiv fotosu - Prezident Ford San-Fransiskoda oteldən çıxarkən atəş açıldıqdan sonra limuzininin arxasında maşına oturur, 22 sentyabr 1975.

Cerald Ford, 38-ci prezident

1975-ci ildə bir neçə həftə ərzində Forda qarşı iki sui-qəsd cəhdi oldu və o heç bir hadisə zamanı xəsarət almadı.

İlk cəhd zamanı Ford Kaliforniya qubernatoru ilə Sakramentoda görüşə gedərkən Çarlz Menson qrupunun tərəfdarı Linet Fromm küçədəki izdihamın arasından keçərək yarı avtomatik tapança çıxarıb onu Forda tərəf tutdu. Silahdan atəş açılmadı.

From həbs cəzasına məhkum edildi və 2009-cu ildə azad edildi.

On yeddi gün sonra başqa bir qadın, Sara Ceyn Mur San Fransisko otelinin qarşısında Fordla qarşılaşdı. Mur bir dəfə atəş açdı və yayındı. İkinci atəş cəhdi zamanı yoldan keçən bir nəfər onun qolundan tutdu.

Mur həbsxanaya göndərildi və 2007-ci ildə sərbəst buraxıldı.

Arxiv fotosu - Prezident Ronald Reyqan Vaşinqton otelinin qarşısında güllə ilə vurulduqdan sonra Gizli Xidmət agentləri onu prezidentin limuzininə doğru aparır, 30 mart 1981.

Ronald Reyqan, 40-cı prezident

Reyqan Vaşinqtonda nitq söyləməyi bitirdikdən sonra kortejinə doğru gedərkən izdiham arasında olan Con Hinkli tərəfindən vurulmuşdu.

Reyqan 1981-ci ilin martında atışmadan sonra sağaldı. Hadisə zamanı nəticədə qismən iflic olan mətbuat katibi Ceyms Bredi də daxil olmaqla, daha üç nəfər güllə yarası almışdı.

Hinkli həbs olundu və münsiflər məhkəməsi onun Reyqana atəş açarkən əqli vəziyyətinə görə günahsız olduğu qərarını çıxardıqdan sonra psixiatriya xəstəxanasına yerləşdirildi. Hinkli 2022-ci ildə hakimin “artıq özü və başqaları üçün təhlükə yaratmadığı” qərarından sonra məhkəmə nəzarətindən azad edildi.

Corc Buş, 43-cü prezident

Buş 2005-ci ildə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Tbilisidə mitinqdə iştirak edərkən ona əl qumbarası atılmışdı.

Parçaya bükülmüş qumbara onlardan təxminən 100 fut aralıda yerə düşdüyü zaman onların hər ikisi gülləkeçirməz baryerin arxasında idi. Qumbara partlamamış, xəsarət alan olmamışdı.

Vladimir Arutyunyan təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Teodor Ruzvelt, prezidentliyə namizəd

Keçmiş prezident 1912-ci ildə Ağ Evə yenidən qayıtmaq üçün kampaniya apararkən Milvoki şəhərində ona güllə atılmışdı.

Ruzvelt bundan əvvəl iki müddət prezident vəzifəsində olmuşdu və üçüncü partiyanın namizədi kimi yenidən namizədliyini irəli sürmüşdü.

Ruzveltin cibindəki qatlanmış kağızlar və metal eynək qutusu görünür, güllənin təsirini azaltmış və o, ciddi xəsarət almamışdı.

Con Şrank həbs olundu və həyatının qalan hissəsini psixiatriya xəstəxanalarında keçirdi.

Robert F. Kennedi, prezidentliyə namizəd

Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq istəyən Kennedi 1968-ci ildə Kaliforniyada keçirilən praymerizdə qələbə nitqindən bir neçə dəqiqə sonra Los-Ancelesdə oteldə öldürülmüşdü.

Arxiv fotosu - 1968-ci il 5 iyun tarixində çəkilmiş fotoda güllələndikdən bir neçə dəqiqə sonra Los-Ancelesdə Ambassador otelinin döşəməsində uzanmış senator Robert F. Kennedi göstərilir.

Kennedi Nyu-York ştatından ABŞ senatoru və beş il əvvəl sui-qəsd nəticəsində öldürülən prezident Con Kennedinin qardaşı idi.

Atışma nəticəsində daha 5 nəfər yaralanmışdı.

Sirhan Sirhan birinci dərəcəli cinayətdə təqsirli bilinib və ölümə məhkum edilib. Bu cəza keçən il azadlığa çıxmaq üçün son müraciəti rədd edildikdən sonra Sirhanın hazırda çəkdiyi ömürlük həbs cəzası ilə əvəz olundu.

Corc Uallas, prezidentliyə namizəd

Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq istəyən Uallas 1972-ci ildə seçki kampaniya tədbiri üçün Merilend ştatında olduğu zaman güllə ilə vurulmuşdu. Hadisə nəticəsində o, beldən aşağı iflic vəziyyətində qaldı.

Alabama ştatının qubernatoru olan Uallas daha sonra imtina etdiyi seqreqasiyaçı baxışları ilə tanınırdı.

Artur Bremer atışmaya görə təqsirli bilinərək həbs cəzasına məhkum edildi. O, 2007-ci ildə azadlığa buraxılıb.