Dünya liderləri bazar günü Pensilvaniyada keçirilən seçki tədbirində ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən narahatlıqlarını ifadə ediblər. Hadisə nəticəsində bir iştirakçı ölüb, iki nəfər ağır yaralanıb.
Trampın seçki kampaniyası Respublikaçılar partiyasından namizəd olacağı gözlənilən Trampın sağ qulağının yuxarı hissəsindən yaralanaraq, çıxış etdiyi səhnədən uzaqlaşdırılmasından sonra durumununun “yaxşı olduğunu” bildirib.
Gizli Xidmət mitinqin keçirildiyi yerinin yaxınlığındakı hündür yerdən hücumu həyata keçirməkdə şübhəli bilinən silahlı şəxsin öldürüldüyünü bildirib.
ABŞ rəsmiləri silahlı hücumla bağlı araşdırma aparır.
Almaniya
Almaniya kansleri Olaf Şolts atışmanı “mənfur” adlandırıb və “bu cür zorakılıqların demokratiyanı təhdid etdiyini” deyib.
Avstraliya
Avstraliyanın Baş naziri Antoni Albanez Birləşmiş Ştatlar və Avstraliyanın ortaq demokratik dəyərlərinə “bağışlanılmaz hücumu” pisləyib.
“ABŞ-da olduğu kimi Avstraliyada da demokratiyalarımızın mahiyyəti və məqsədi ondan ibarətdir ki, biz öz fikirlərimizi ifadə edə bilək, fikir ayrılıqlarımızı müzakirə edək və fikir ayrılıqlarımızı sülh yolu ilə həll edək,” Albanez Avstraliya Parlamentində jurnalistlərə bildirib.
Avstriya
Avstriya kansleri Karl Nehammer X sosial şəbəkəsində sui-qəsd cəhdini şok kimi qarşıladığını deyib.
“Cəmiyyətimizdə siyasi zorakılığa yer yoxdur!” o bildirib.
Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində təşviqat mitinqində Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizəd Donald Trampa atəş açılmasını qınayıb.
Prezident Əliyev X platformasında yazıb: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
Avropa Komissiyası
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen hücumdan “dərin sarsıldığını” bildirib.
“Demokratiyada siyasi zorakılığa yer yoxdur,” o deyib.
Braziliya
Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib ki, atışma “demokratiya və siyasi dialoqun bütün müdafiəçiləri tərəfindən qətiyyətlə pislənməlidir”.
Çexiya Respublikası
Trampın tezliklə sağalmasını arzulayan Çexiya prezidenti Petr Pavel “demokratik cəmiyyətdə zorakılığa yer olmadığını” deyib və əlavə edib ki, siyasətçilər vəziyyəti sakitləşdirməyə çalışmalıdırlar.
Çili
Çili prezidenti Qabriel Boric atışmanı “birmənalı olaraq pislədiyini” bildirib.
“Zorakılıq demokratiya üçün təhlükədir və birlikdə həyatımızı zəiflədir. Biz hamımız bunu rədd etməliyik”, Boriç bildirib.
Çin
Çin prezidenti Şi Tsinpin Trampa “şəfqət və təəssüf” hissəslərini ifadə edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Pekinin hadisəni “yaxından izlədiyini” deyib.
Filippin
Filippin prezidenti Ferdinand Markos bildirib ki, “keçmiş prezident Donald Trampın sui-qəsd cəhdindən sonra təhlükəsiz və sağlam olması xəbərini almağımızdan böyük rahatlıq hissi keçiririk”.
“Dünyanın bütün demokratiyasevər xalqları ilə birlikdə biz siyasi zorakılığın bütün formalarını pisləyirik. Xalqın səsi həmişə ən yüksəkdə qalmalıdır” - deyə, Markos bildirib.
Fransa
Fransada prezident Emmanuel Makron sui-qəsd cəhdini “demokratiyalarımız üçün faciə” adlandırıb.
“Fransa Amerika xalqının şokunu və qəzəbini bölüşür,” Makron deyib.
Hindistan
Hindistanın baş naziri Narendra Modi “dostuma edilən hücumdan çox narahat olduğunu” deyib.
“Siyasətdə və demokratiyada zorakılığa yer yoxdur,” Modi bildirib.
İsrail
İsrailin baş naziri Benyamin Netanyahu onun və həyat yoldaşı Saranın “Prezident Trampa hücumu şok kimi qarşıladıqlarını” bildirib.
“Biz onun təhlükəsizliyi və tezliklə sağalması üçün dua edirik,” Netanyahu deyib.
Misir
Misir prezidenti Əbdülfəttah Əl-Sisi atışmanı “xəyanət hadisəsi” adlandırıb.
Sisi ABŞ-ın seçki kampaniyalarının “terrorizm, zorakılıq və nifrətin hər hansı təzahürlərindən uzaq, dinc və sağlam bir atmosferdə davam etməsini” arzulayıb.
Rusiya
Rusiya Birləşmiş Ştatların “nifrətə təhrik siyasətini” “nəzərdən keçirməyə” çağıraraq, sui-qəsd cəhdindən Vaşinqtonun Ukraynaya hərbi dəstəyini pisləmək üçün istifadə edib.
“Bəlkə bu puldan Amerika polisini və Birləşmiş Ştatlarda asayişi təmin etməli olan digər xidmətləri maliyyələşdirmək üçün istifadə etmək daha yaxşı olardı?” – deyə, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Tayvan
Tayvan prezidenti Lai Çinq-te atışma qurbanlarına “səmimi başsağlığı” verib.
“Bizim demokratiyalarımızda istənilən formada siyasi zorakılıq qəbuledilməzdir,” o deyib.
Türkiyə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial platformasında baş verən atışmanı pisləyib, Trampa, ailəsinə və tərəfdarlarına xoş arzularını çatdırıb.
O, ABŞ seçkilərinə xələl gətirməmək üçün “hücumla bağlı araşdırmanın effektiv aparılacağına” inandığını bildirib.
Ukrayna
Ukrayna prezidenti Volodimir Zelenski “atışma ilə bağlı xəbərdən sarsıldığını” deyib və Trampın “tez sağalmasını” arzulayıb.
“Belə zorakılığa heç bir bəraət və dünyanın heç bir yerində yer yoxdur. Zorakılıq heç vaxt üstünlük gəlməməlidir”.
Yaponiya
Yaponiyanın baş naziri Fumio Kişida da siyasi hücumlara qarşı çıxış edərək, “demokratiyaya meydan oxuyan hər cür zorakılığa qəti şəkildə qarşı çıxmalıyıq” deyib.