Təşvqat mitinqində yaralanmış Donald Tramp xəstəxanadan buraxılıb, vəziyyətinin "yaxşı" olduğunu deyir

Sabiq ABŞ prezident Donald Tramp şənbə günü Pensilvaniyada təşviqat mitinqi zamanı onun istiqamətinə atılan atəşlərdən sonra zədələnib, amma vəziyyəti “yaxşıdır”.

Güllə qulağının sol nahiyəsini deşdikdən sonra sosial mediada sağlıq durumu haqda məlumat verən Tramp şənbə günü axşam xəstəxanadan buraxılıb.

"Belə bir hərəkətin ölkəmizdə baş verə bilməsi ağlasığmazdır," Tramp bildirib.

Hadisəyə reaksiya verən Prezident Co Bayden, Vitse-Prezident Kamala Harris və sabiq Prezident Baraka Obama siyasi zorakılığı qəti şəkildə pisləyən bəyanatlarla çıxış ediblər.

Trampın seçki kampaniyasının yaydığı bəyanatda prezidentliyə namizədin yerli tibbi müəssisədə müayinə ediliyi bildirilir.

Şənbə günü o, rəqabətin qızğın olduğu Pennsilvaniya ştatının Batler şəhərinə təşviqat mitinqinə gəlmişdi.

Öz sosial media saytında yaydığı açıqlamada Tramp atəş açan şəxsin öldürülüdüyünü, onunla yanaşı bir nümayişçinin öldürüldüyünü və digərinin yaralandığını təsdiqləyib Xüsusi Xidmət X platformasındakı açıqlamada yaralanan nümayişçilərin sayının bir yox, iki nəfər olduğunu bildirib.

Tramp öz bəyanatında Xüsusi Xidmətə öz minnətdarlığını ifadə edib.

"Güllə qulağımın yuxarı nahiyəsini deşib," Tramp bildirib. "Mən dərhal bildim ki, nəsə düz deyil, çünki vıyıltı, atəş səsləri eşitdim və güllənin dərini cırdığını hiss etdim. Çoxlu qanaxma baş verdi, və onda nə baş verdiyini dərk etdim. TANRI AMERİKANI QORUSUN!"

Sabiq prezident və Respublikaçılar partiyasının ehtimal olunan prezidentliyə namizədi insident baş verən vaxt mitinq iştirakçılarına sərhəd keçidləri ilə bağlı rəqəmləri nümayiş etdirirdi. İzdiham silah atəşinə bənzər bir neçə kiçik partlayış səsləri eşidən zaman sabiq prezident əli ilə üzünə toxundu və tribunanın arxasına keçdi. O, dərhal Məxfi Xidmət mühafizəsi tərəfindən çevrəyə alındı. Həmin an Trampın “imkan verin ayaqqabılarımı geyinim” dediyi eşidilir.

Daha sonra sağ qulağı qanayarkən, o bir neçə dəfə “gözləyin” dedi. Bundan sonra Tramp sağ əlini qaldırdı və qəzəbli şəkildə “döyüşün, döyüşün, döyüşün” dedi.

Məxfi xidmətin sözçüsü Antoni Quqlielmi X sosial media platformasında açıqlama verib: “Məxfi Xidmət mühafizə tədbirlərini icra edib və sabiq prezident təhlükəsizlikdədir. Bu, hazırda Məxfi Xidmətin fəal tədqiqatı altındadır və yeni məlumat olduqca paylaşılacaq.”

Prezident Bayden hadisədən tez sonra bəyanatla çıxış edib.

"Mən onun, onun ailəsi və nümayişdə iştirak edən hamı üçün dua edirəm. Amerikada bu cür zorakılığa yer yoxdur. Biz millət olaraq bunu pisləməkdə birləşməliyik."

Vitse-Prezident Harris də verdiyi bəyanatda Trampa xoş diləyini çatdırıb.

"Biz hamımız bu cür iyrənc hərəkəti pisləməli və öz üzərimizə düşəni etməliyk ki, bu, əlavə zorakılıqlara gətirib çıxarmasın."

Batler qraflığının prokuroru Riçard Qoldinger Associated Press agentliyinə bildirib ki, şübhəli silahlı şəxs və ən azı bir mitinq ölüb.

Trapın böyük oğlu Donald Tramp Jr. X sosial şəbələsində Trampın ABŞ bayrağı önündə yumruğunu qaldırmış fotosunu paylaşaraq, “O, Amerikanı xilas etmək üçün döyüşü heç vaxt dayandırmayacaq” yazıb.

Donald Tramp silah atəşlərindən sonra mitinqdən uzaqlaşdırılarkən.

Şimali Dakota qubernatoru Daq Borqum, Florida senatoru Marko Rubio və Ohayo senatoru Cey. Di. Vans Trampın potensial vitse-prezidentiyə namizədlik siyahısındadırlar. Hər üç şəxs sabiq prezidentin durumu ilə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar.

Pensilvaniya ştatının qubernatoru, Demorkat Coş Şapiro X sosial media platformasında insidentlə bağlı məlumatlandırıldığını bildirib: “İstənilən siyasi partiya və ya siyasi lideri hədəfləyən zorakılıq qaəbuledilməzdir. Pensilvaniyada və Birləşmiş Ştatlarda buna yer yoxdur.”

Senat Respublikaçılarının lideri, Kentaki senatoru Mitç Makkonel X platformasında yazıb: “Bu axşam bütün amerikalılar dinc mitinqə alçaq hücumdan sonra prezident Trampın vəziyyətinin yaxşı olduğuna minnətdardırlar. Bizim siyasətdə zorakılığa yer yoxdur. Biz Məxfi Xidmətin və hüquq-mühafizə orqanlarının sürətli işini yüksək qiymətləndiririk.”

Dünya liderləri də hadisəyə reaksiya verməyə başlayıb.

“Sara və mən prezident Trampa edilən hücumdan şokdayıq,” deyə İsrail baş naziri Benyamin Netanahu bildirib: “Onun sürətli şəkildə bərpa olunması və təhlükəsizliyi üçün dua edirik.”