Çinlə bağlı məsələlər NATO sammitinin gündəmində olacaq

Bu həftə Vaşinqtonda keçirilən 2024-cü il NATO sammitində əsas diqqətin Rusiyanın Ukraynadakı müharibəsinə yönələcəyi gözlənilsə də, alyans Çindən gələn təhdidləri və Hind-Sakit okean regionunda təhlükəsizlik vəziyyətini də müzakirə edəcək.

Bu məsələlərə Çinin Cənubi Çin dənizindəki aqressiv davranışı, Çin və qonşuları arasında dənizdə suverenlik mübahisələri, Tayvanın təhlükəsizliyi və Şimali Koreyanın nüvə problemi daxildir.

ABŞ və NATO rəsmiləri dəfələrlə Rusiya ilə Çin arasında münasibətlərin dərinləşməsinə, xüsusən də Pekinin Moskvaya həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən və Rusiyanın Ukraynada müharibəsini davam etdirməsinə imkan verən malların ixracına işarə ediblər.

NATO-nun vəzifəsini tərk edən Baş katibi Yens Stoltenberq keçən ay Vaşinqtonda demişdi ki, "Pekin yarımkeçiricilər və digər ikili təyinatlı əşyalar kimi yüksək səviyyəli texnologiyaları paylaşır.

Keçən il Rusiya mikroelektronikasının 90%-ni Çindən idxal edib. Çin həmçinin Rusiyaya təkmilləşdirilmiş peyk imkanları və görüntüləri təqdim etmək üçün çalışır.

Çin dəfələrlə Rusiyaya ikili təyinatlı məhsulların ixracını inkar edib.

Üzv dövlətlər uzun müddətdir ki, Çini strateji narahatlıqlar siyahısına daxil edib-etməmək barədə razılığa gələ bilmirdi. İllərlə davam edən uyğunlaşmadan sonra 2019-cu ildə London sammitində verilən birgə bəyanatda Çinin yaratdığı təhlükəsizlik problemlər NATO-nun strateji hədəfinə çevrilmişdi

Avropa və Şimali Amerika ölkələrinin yaratdığı NATO hərbi ittifaqı Sovet İttifaqına qarşı kollektiv təhlükəsizliyi təmin etmək üçün 1949-cu ildə yaradılmışdır.

NATO müttəfiqləri keçən il Litvanın paytaxtı Vilnüsdə keçirilən sammitdə bəyan ediblər ki, “Çin Xalq Respublikasının bəyan etdiyi ambisiyaları və məcburedici siyasəti bizim maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyur”.

Deyilənlər 2021-ci ildə Brüsseldə keçirilən sammitdən sonrada NATO-ya üzv dövlətlər arasında Çinlə bağlı təhlükəsizlik təhdidləri ilə bağlı ortaq fikir formalaşdırmışdı.

Sammitin Çin məsələlərinə dair həmişəkindən daha güclü mesaj göndərəcəyi gözlənilir. Stoltenberq daha əvvəl demişdi ki, Çin Ukraynadakı müharibədə Rusiyaya dəstək verərkən Qərblə yaxşı münasibətləri davam etdirə bilməz.

“Pekin hər ikisinə birdən nail ola bilməz. Çin kursunu dəyişməsə, müttəfiqlər onu bunun bədəlini ödəməyə məcbur edəcək”, Stoltenberq bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bazar ertəsi keçirilən mətbuat konfransında deyib: “Soyuq Müharibə mirası və dünyanın ən böyük hərbi ittifaqı kimi NATO bir tərəfdən özünü regional müdafiə ittifaqı adlandırır, digər tərəfdən isə səlahiyyətlərini aşaraq, qarşıdurma yaradır. NATO regional müdafiə ittifaqı rolunda qalmalı, Asiya-Sakit Okean regionunda gərginlik yaratmağı, Soyuq Müharibə zehniyyətini və blok qarşıdurmasını dayandırmalıdır”.

Ekspertlər vurğulayır ki, NATO-nun Çin proqramının hələ də məhdudiyyətləri var və müttəfiqlərin Çinlə bağlı məsələlərdə mövqeləri uyğun gəlmir.

NATO Tokioda əlaqə bürosu yaratmağı planlaşdırırdı ki, bu da onu NATO üçün Hind-Sakit okean tərəfdaşları ilə əməkdaşlıq etmək üçün faydalı platforma olacaqdı. Amma bəzi üzv dövlətlərin etirazına görəbu sahədə heç bir irəliləyiş əldə olunmayıb.